09:25
Düşmənlə məxfi əməkdaşlıq edən şəxs ifşa
edilmişdir
Azərbaycan Respublikasının milli təhlükəsizlik
maraqlarına yönələn təhdidlərin, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq
fəaliyyətinin aşkar edilməsi və qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi
Xidməti tərəfindən kompleks əks-kəşfiyyat tədbirləri davam etdirilir.
Başlanılmış cinayət işi
üzrə Azərbaycan Respublikasının vətəndaşı,
1981-ci il təvəllüdlü Məmmədov Emil Ramiz oğlu dövlətə xəyanət etməkdə şübhəli
bilinmişdir.
Aparılmış araşdırmalarla Emil Məmmədovun Azərbaycan
Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və
müdafiə qabiliyyəti zərərinə düşmən tərəfinə keçməklə xarici xüsusi xidmət
orqanının nümayəndələrinin tapşırıqlarını yerinə yetirərək onlara kömək etmək məqsədilə
maddi maraq müqabilində üçüncü ölkə ərazisində Ermənistan xüsusi xidmət
orqanının əməkdaşları ilə görüşüb məxfi əməkdaşlığa cəlb edilməsi, Azərbaycan
Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə oluna biləcək məlumatların
toplanması barədə tapşırıqlar alması, verilmiş tapşırıqların icrası istiqamətində
fəaliyyət göstərməsi, Ermənistan xüsusi xidmət orqanının nümayəndələri ilə əlaqələrinin
gizliliyinə və konspirasiya tələblərinə dair təlimatlandırıldığı qaydalara riayət
etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Emil Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü
(dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb olunaraq məhkəmənin qərarına əsasən
həbs edilmişdir.
Hazırda istintaq-əməliyyat tədbirləri davam
etdirilir.