16:55
Azərbaycan
təhlükəsizlik orqanlarının yaradılmasının 103-cü ildönümü ilə bağlı tədbirlər
keçirilmişdir
28 Mart Azərbaycan
təhlükəsizlik orqanlarının əməkdaşlarının peşə bayramı ilə əlaqədar Dövlət
Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin
kollegiya üzvləri və rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər
Əliyevin məzarını ziyarət etmiş, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla
yad edərək məzarı önünə əklil qoymuşlar. Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli
oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarı
üzərinə gül dəstələri düzülmüşdür.
Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi
bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş qəhrəman Vətən övladlarının və
Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş təhlükəsizlik orqanları
əməkdaşlarının məzarları da ziyarət edilərək üzərlərinə gül dəstələri düzülmüş,
Xidmətin adından “Əbədi məşəl” abidəsinin önünə əklil
qoyulmuşdur.
Tədbir Dövlət
Təhlükəsizliyi Xidmətinin (DTX) akt zalında rəsmi
hissə ilə davam etmişdir. DTX-nin rəisi
general-polkovnik Əli Nağıyev tədbirdə çıxış edərək şəxsi heyəti və veteranları peşə bayramı münasibətilə
təbrik etmişdir. Mənalı ömrünün 25 ilini təhlükəsizlik orqanlarına həsr edərək
şərəfli xidmət yolu keçən Ulu Öndər Heydər Əliyevin bu orqanların fəaliyyətinə
verdiyi əvəzolunmaz töhfələrdən danışan Xidmət rəisi qeyd etmişdir ki, Ümummilli
Lider Azərbaycan xüsusi xidmət orqanlarının tarixində peşəkarlıq məktəbi
yaratmış, sovet dövründə və müstəqillik illərində ölkəyə rəhbərliyi dövründə heç
zaman bu orqanlardan diqqət və qayğısını əsirgəməmişdir.
General-polkovnik Əli Nağıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin müdrik rəhbərliyi ilə yürüdülən uğurlu daxili və xarici siyasət nəticəsində
respublikamızda təhlükəsizliyin etibarlı şəkildə qorunduğunu, müəyyən xarici
dairələr və düşmən qüvvələr tərəfindən ölkəmizə yönələn terror-təxribat və kəşfiyyat-pozuculuq
fəaliyyətinin qarşısının vaxtında və çevik alınması üçün müvafiq tədbirlərin davam
etdirildiyini bildirmiş və müasir dövrdə DTX-nin qarşısında duran əsas vəzifələr
barədə məlumat vermişdir.
Çıxışının sonunda
general-polkovnik Əli Nağıyev əminliyini ifadə edərək demişdir ki, heç bir qüvvə
Azərbaycanı öz seçdiyi yolundan döndərə bilməz, ölkənin milli maraqlarına yönələn
bütün təhdid və hər cür cəhdlərin qarşısı Azərbaycan Respublikasının
Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə DTX-nin şəxsi
heyəti tərəfindən bundan sonra da qətiyyətlə alınacaq, ölkədə davamlı sabitlik
və əmin-amanlıq təmin ediləcəkdir. Xidmət rəisi tərəfindən DTX-nin əməkdaşlarının
sosial müdafiəsinin gücləndirilməsi və mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına
göstərdiyi diqqət və qayğıya görə cənab Prezidentə minnətdarlıq ifadə
edilmişdir.
Sonra təhlükəsizlik orqanlarının veteranı, Milli Məclisin
deputatı Arzu Nağıyev söz alaraq təhlükəsizlik orqanları əməkdaşlarını bu əlamətdar
gün münasibətilə təbrik etmiş, çətin və şərəfli xidmətlərində onlara uğurlar
arzulamışdır. Natiq ötən əsrə ekskursiya edərək xüsusi xidmət orqanlarının təşəkkülündən
danışmış, bu orqanların Azərbaycanın dövlətçilik tarixindəki mühüm rolunu
xüsusi qeyd etmişdir.
Tədbirdə DTX-nin əməkdaşlarının dövlət təltifləri
ilə mükafatlandırılması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
elan olunmuş, əməkdaşlara mükafatlar təqdim edilmişdir.
Daha sonra Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyi, İctimai Televiziya və “Azərbaycanfilm” kinostudiyasının birgə
hazırladığı DTX-nin əməkdaşlarının 44 günlük Vətən müharibəsində tarixi Qələbənin
qazanılmasına verdikləri töhfələrə həsr edilmiş “Görünməyən qəhrəmanlar” adlı sənədli
film nümayiş olunmuşdur.
Tədbirin bədii hissəsi DTX-nin Mədəniyyət Mərkəzində
tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında konsert proqramı ilə
davam etdirilmişdir.