18:50
DTX-də İtkin
düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın rəhbər şəxsləri ilə görüş
keçirilmişdir
4 aprel
2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin
düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli
Nağıyev ölkəmizdə səfərdə olan İtkin düşmüş şəxslər üzrə Beynəlxalq
Komissiyanın baş direktoru xanım Katrin Bombergeri və qurumun Siyasət və Əməkdaşlıq
üzrə direktoru Andreas Kleyzeri qəbul etmişdir.
Dövlət
Komissiyasının sədri Əli Nağıyev Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin tapşırığına əsasən, Birinci və İkinci Qarabağ müharibələri zamanı
itkin düşmüş Azərbaycan vətəndaşlarının axtarışı, naməlum məzar yerlərinin
ekshumasiyası və meyit qalıqlarının eyniləşdirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlərin
görüldüyünü qonaqların diqqətinə çatdırmışdır. Komissiya sədri dünyanın bir
sıra müharibə bölgələrində və təbii fəlakətlər zamanı itkin düşmüş şəxslərin
axtarışı, məzar yerlərinin ekshumasiyası və meyit qalıqlarının eyniləşdirilməsi
sahəsində böyük iş təcrübəsinə, kadr potensialına və texniki imkanlara malik
olan İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın bizim müvafiq Dövlət Komissiyası
ilə əməkdaşlıq etmək barədə qərarını yüksək qiymətləndirdiyini, 30 ilə yaxın müddət ərzində itkin
düşmüş qohumları barədə hər hansı məlumat ala bilməyən ailələrin intizarına son
qoyacağına ümidini ifadə etmişdir.
Azərbaycan
Respublikasına səfərdən və yüksək səviyyəli qəbuldan məmnunluğunu bildirən xanım Katrin Bomberger rəhbərlik
etdiyi təşkilatın 1996-cı ildə yaradıldığı və 2014-cü ildə beynəlxalq təşkilat
hüququ aldığı barədə məlumat vermiş, qurumun bölgədə baş vermiş silahlı münaqişə
nəticəsində itkin düşmüş şəxslərin sonrakı taleyinin müəyyən edilməsi istiqamətində
tərəflərlə əməkdaşlığa hazır olduğunu, yaxınlarını itirmiş ailələrin əzablarına
son qoyulması üçün çalışacaqlarını bildirmişdir.
Sonra cənab
Əli Nağıyev və Beynəlxalq Komissiyanın baş direktoru Katrin Bomberger itkin
düşmüş şəxslərə aid məzar yerlərinin ekshumasiyası və meyit qalıqlarının eyniləşdirilməsi
sahəsində əməkdaşlığa dair Protokol imzalamışlar.
İmzalanma mərasimindən
sonra İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya rəhbərliyinin bir qrup
itkin ailəsi ilə görüşü keçirilmiş, ailələri maraqlandıran suallar
cavablandırılmışdır.