09:20
Kompüter sistemlərinə və məlumatlarına qanunsuz müdaxilə edən şəxslər məsuliyyətə cəlb edilmişlər
Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət
Agentliyinin növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində
442 mənzilin 30.03.2022-ci il tarixində güzəştlə satışı prosesi yerinə yetirilərkən
kənardan müxtəlif şəxslər tərəfindən informasiya texnologiyaları sahəsində xüsusi
kompüter proqram təminatlarından istifadə edilməklə mənzillərin seçimi prosesinə
müdaxilə halları müşahidə edilmiş, Agentliyin şəffaf fəaliyyətinin təcəssümü
kimi bu məsələnin araşdırılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası
Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edilmişdir.
Dövlət Təhlükəsizliyi
Xidmətində ilkin araşdırmalar aparılaraq faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1
və 273.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter
sisteminə və kompüter məlumatlarına təkrar qanunsuz müdaxilə) maddələri ilə
cinayət işi başlanılmışdır.
Müəyyən
edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşları Məmmədov Elçin Elman oğlu, Hacıyev
Ruslan Afiz oğlu, Hüseynov Firudin İlqar oğlu, Lətifzadə Yunis İltimas oğlu,
Abdullayev Tərlan Tahir oğlu və Məmmədov Cavid Fəhrad oğlu digərləri ilə əlbir
olub ayrı-ayrı qruplar halında Mənzil İnşaatı Dövlət
Agentliyinin “Güzəştli mənzil” informasiya sisteminə daxil olmaq, oradakı
məlumatları dəyişmək hüququ olmadan maddi maraq zəminində onlara müraciət etmiş
şəxslərin güzəştli şərtlərlə mənzil əldə etmələrini təmin etmək məqsədilə
xüsusi kompüter proqram təminatları hazırlayıb və ya uyğunlaşdırıb tətbiq
etməklə 30.03.2022-ci il tarixində “Güzəştli mənzil” informasiya sisteminə
daxil olub və kompüter məlumatlarını qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə
etmiş, bu hərəkətləri ilə hüququ olan vətəndaşların ümumi və bərabər əsaslarla
güzəştli mənzil əldə etmək imkanını məhdudlaşdırmaqla və dövlət orqanlarının
normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurmuşlar.
Həmin şəxslər Cinayət Məcəlləsinin 273.3.1 və
273.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli
bilinərək təqsirləndirilən şəxs kimi cinayət məsuliyyətinə cəlb edilmişlər. Cinayət
işi üzrə araşdırmalar davam edir.
Hazırda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti
və Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən qeyd
olunan məsələlərlə bağlı zəruri hüquqi prosedur tədbirlər yerinə yetirilir. Dövlət tərəfindən güzəştli mənzil satışı prosesinə
kibercinayətlər yolu ilə və ya digər qanunsuz müdaxilə halları və belə əməllər
nəticəsində vətəndaşların seçimindən yayındırılmış mənzillərə dair obyektiv
hüquqi qiymət verilməsi təmin ediləcəkdir.
Araşdırmaların nəticələri
barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.