11:55
Fərrux yüksəkliyində
tapılmış meyit qalıqlarının ekspertizası onların azərbaycanlılara aid olduğunu
sübut edir
Məlum
olduğu kimi, cari ilin mart ayının sonunda Xocalı rayonu ərazisindəki Fərrux
yüksəkliyində qazıntı zamanı bir neçə insana aid naməlum meyit qalıqları aşkar
edilmişdir.
Mütəxəssislər
tərəfindən aparılan ekspertizalar nəticəsində Fərrux yüksəkliyində tapılmış məzarların
üzərində hər hansı qəbirüstü abidə və ya tanınma lövhəsinin olmadığı, həmçinin
bu qalıqların antropoloji xüsusiyyətlərinə görə Azərbaycan türklərinin daxil
olduğu avropoid irqinin Kaspi yarımtipinə aid olması müəyyənləşdirilmişdir.
Eyni
zamanda, erməni tərəfinin iddiasının ziddinə olaraq meyitlər xristian ənənəsi
ilə, xüsusən də erməni adətlərinə uyğun tabutda və geyimdə dəfn edilməmiş,
müvafiq sıralama və istiqamət üzrə deyil, xaotik şəkildə basdırılmışdır. Bundan
başqa, meyit qalıqlarının üzərində zorakılıq əlamətlərinin və küt alətlərlə
endirilmiş zərbə izlərinin aşkar edilməsi, həmçinin məzarlıqdan çoxsaylı gilizlərin
tapılması onların Birinci Qarabağ müharibəsində qətlə yetirilmiş Azərbaycan vətəndaşlarına
aid olduğunu sübuta yetirir. Kütləvi məzarlığın yaşayış məntəqələrindən 10-15
km kənarda və yüksək dağlıq ərazidə yerləşməsi də həmin məkanın ənənəvi məzarlıq
olmadığı qənaətinə gəlməyə əsas verir.
Ermənilər
tərəfindən yayılmış videomaterialda adı elmi ictimaiyyətə məlum olmayan erməni “antropoloq”
Levon Yepiskoposyanın Xocalı şəhərinin adını çəkməsi təsadüf sayılmamalıdır. “Antropoloq”
Levon Yepiskoposyanın müsahibəsində bu qalıqların guya 1992-1993-cü illərdə
Xocalı şəhərində ölmüş ermənilərə aid olduğunu, onların şəhərdən 12 km kənarda
dəfn edildiyini və həmin ərazinin ermənilər üçün müqəddəs yer olduğunu bildirməsinin
heç bir əsası yoxdur. Məzarlığın aşkarlandığı ərazidə erməni dini abidəsi və məzarlığının
olmaması qeyd olunanları bir daha sübut edir.
Fərrux
yüksəkliyində kütləvi məzarlığın tapılmasından ciddi narahatlıq keçirən erməni
tərəfinin hazırda başlatdığı təbliğat Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın
beynəlxalq humanitar hüquq normalarını pozması və insanlıq əleyhinə cinayətləri
törətməsi ilə bağlı faktları gizlətməyə və beynəlxalq ictimaiyyəti çaşdırmağa xidmət
edir.
İşğaldan azad
edilmiş ərazilərdən tapılaraq götürülmüş meyit qalıqlarının eyniləşdirilməsi ilə
bağlı müvafiq tədbirlər davam etdirilir. Bu barədə ictimaiyyətə əlavə məlumat
veriləcəkdir.