Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumatı

rehberlik
Rəsmi məlumatlar 07 May 2022

10:30

Azərbaycana qarşı əsassız iddialar irəli sürülmüşdür

Son zamanlar Azərbaycanda guya üçüncü ölkələrin maliyyə dəstəyi ilə bioloji silahlar üzrə elmi tədqiqatlar aparan mərkəzlərin fəaliyyət göstərməsi barədə bir neçə dəfə, o cümlədən beynəlxalq tədbirlər çərçivəsində Rusiya Federasiyasının təmsilçiləri tərəfindən müəyyən fikirlər səsləndirilmişdir. Heç bir fakt göstərilmədən irəli sürülmüş bu mülahizələrin respublikamızın ictimaiyyəti tərəfindən müəyyən narahatçılıqla qarşılanması müşahidə edilməkdədir.

Bununla bağlı qeyd edirik ki, Azərbaycanda belə elmi mərkəzlər heç vaxt fəaliyyət göstərməmiş, ölkə əhalisinin və ya qonşu dövlətlərin vətəndaşlarının sağlamlığına zərər vura biləcək hər hansı tədqiqatlar aparılmamışdır. Bu qəbildən olan məlumatların Azərbaycan tərəfinin mövqeyi öyrənilmədən beynəlxalq tədbirlərdə, o cümlədən BMT kimi mötəbər təşkilatda bəyan edilməsi təəssüf doğurur.

Eyni zamanda, tərəfdaşlıq münasibətlərindən çıxış edərək, müqabil tərəfdən qaldırılan məsələ ilə bağlı konkret faktlar təqdim edildiyi halda onların araşdırılmasına hazır olduğumuzu bildiririk.