11:10
Ölkə xaricində qanunsuz silahlı birləşmələrdə fəaliyyət
göstərmiş şəxs həbs edilmişdir
Dövlət
Təhlükəsizliyi Xidməti tərəfindən beynəlxalq terrorçuluqla mübarizə istiqamətində
həyata keçirilən kompleks əməliyyat-istintaq tədbirləri çərçivəsində daha əvvəl silahlı terror təşkilatının Türkiyə
Respublikası ərazisində fəaliyyət göstərən birliklərinə üzv olma şübhəsi ilə
Türkiyə ərazisində saxta pasportla Özbəkistan vətəndaşı İlyorjon İsanov kimi
saxlanılaraq həbs edilmiş, lakin təqsiri sübuta yetirilmədiyi üçün azad edilmiş
1977-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Osmanov Akif Aydın
oğlunun dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda terror aktlarının
törədildiyi silahlı münaqişələrdə iştirakına əsaslı şübhələr müəyyən olunmuşdur.
Başlanılmış cinayət
işi üzrə aparılmış araşdırmalar nəticəsində Akif Osmanovun Suriya Ərəb
Respublikasının Atma şəhərində xüsusi hazırlıq düşərgəsində təlimlər keçərək,
odlu silah və partlayıcı maddələrdən istifadə qaydalarını mənimsəməklə dini
radikalizm və dini düşmənçilik zəminində “Azəri Camaatı” adlı qanunsuz silahlı
qruplaşmanın fəaliyyətində iştirak etməsi, qrup üzvləri ilə birlikdə “Şeyx
Süleyman” qəsəbəsi uğrunda gedən döyüşlərə qoşularaq qəlpə yarası alması, habelə
terror təşkilatı tərəfindən digər ölkələrin ərazisində sərbəst hərəkət edib cinayət
məsuliyyətindən yayına bilməsi məqsədilə Özbəkistan Respublikası vətəndaşının
adına saxta pasport ilə təmin olunması və həmin pasportla müxtəlif ölkələrdə
olmasına dair mötəbər dəlillər əldə edilmişdir.
Akif Osmanov şübhəli
şəxs qismində tutularaq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1,
279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan
silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində
iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi
texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə) maddələri ilə cinayət məsuliyyətinə
cəlb olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilmişdir.
Hazırda cinayət işi üzrə araşdırmalar davam
etdirilir.