17:10
Külli miqdarda narkotik vasitəni ölkə ərazisinə
keçirmiş şəxslər saxlanılmışlar
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi və
Dövlət Sərhəd xidmətləri tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı və
qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində birgə kompleks əməliyyat-istintaq
tədbirləri davam etdirilir.
İran İslam Respublikasının vətəndaşlarının da
daxil olduğu qabaqcadan əlbir olan bir qrup şəxsin narkotik vasitələrin
qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumatlar əsasında Azərbaycan
Respublikasının vətəndaşı 1987-ci il təvəllüdlü Sabirabad rayon sakini Ataşov
Rahim Hacı oğlu külli miqdarda narkotik vasitə olan 37 kiloqram 550 qram
qurudulmuş marixuananı idarə etdiyi avtomobilin yük yerində daşıyarkən
tutulmuşdur.
Aparılan araşdırmalarla dövlət sərhədini
qanunsuz yolla keçərək külli miqdarda narkotik vasitələri Azərbaycan
Respublikası ərazisinə keçirib İmişli rayonunda Rahim Ataşova təhvil verdiyi müəyyən
edilən, üzərilərində şəxsiyyəti təsdiq edən sənədləri olmayan İran İslam
Respublikası vətəndaşları 1966-cı il təvəllüdlü Mehriban Latif Mohsen və
1980-ci il təvəllüdlü Parsa Jaffarlou Amrrza Ramazan dövlət sərhədində saxlanılmışlar.
Məlum olmuşdur ki, Latif Mehriban daha əvvəl də
eyni əməllərə görə 2008-ci ildə Azərbaycan Respublikasında saxlanılaraq 15 il
müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 2014-cü ildə cəzasının
qalan hissəsini çəkməsi üçün vətəndaşı olduğu ölkəyə təhvil verilmiş, İran
İslam Respublikasında cəzadan vaxtından əvvəl azad edildikdən sonra da eyni
cinayət əməllərini davam etdirmişdir.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində
aparılan cinayət işi üzrə Rahim Ataşov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin
qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən
satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə,
saxlama, daşıma və satma) maddələri, Latif Mehriban və Amrrza Parsa Jaffarlou
isə Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə yanaşı 318.2-ci (qabaqcadan əlbir
olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini
qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq barələrində
məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda araşdırmalar davam etdirilir.