19:45
Dövlət Komissiyasının ötən dövr ərzində görülmüş
işlərə və qarşıda duran vəzifələrə dair iclası keçirilmişdir
İyunun 17-də Əsir və itkin düşmüş, girov götürülmüş
vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclası keçirilmişdir. Dövlət Təhlükəsizliyi
Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının sədri Əli Nağıyev Komissiyanın Azərbaycan Respublikası
Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş yeni tərkibdə ilk iclasını açıq
elan etdikdən sonra Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi
bir dəqiqəlik sükutla yad edilmişdir.
Son illərdə Dövlət Komissiyası tərəfindən görülən
işlər barədə danışan sədr Əli Nağıyev Birinci Qarabağ müharibəsində itkin düşən
3890 nəfər Azərbaycan vətəndaşı barədə məlumatların Ermənistan tərəfindən beynəlxalq
humanitar hüquq normalarının ziddinə olaraq bu günə kimi təqdim olunmadığını, onların
sırasından yalnız 100-dən artıq itkin düşmüş şəxsə aid olması ehtimal olunan meyit
qalıqlarının təhvil verildiyini və hazırda eyniləşdirmə prosesinin aparıldığını
vurğulamışdır. Eyni zamanda bildirilmişdir ki, Vətən müharibəsi başa çatdıqdan
sonra 12 nəfər hərbçimizin yaralanaraq əsir düşdüyü məlum olmuş və beynəlxalq təşkilatların
vasitəçiliyi ilə onlar qısa vaxtda Vətənə qaytarılmışlar. 6 hərbçimizin isə
taleyi bu vaxtadək qeyri-müəyyən olaraq qalmaqdadır. Humanizm prinsiplərini daim
rəhbər tutan Azərbaycan Respublikası isə əldə olunmuş tarixi Qələbədən sonra
düşmən tapdağından azad olunmuş torpaqlarda tapılmış 1713 Ermənistan hərbi
qulluqçusunun qalıqlarını və müxtəlif vaxtlarda saxlanılmış 159 nəfər erməni əsiri
qarşı tərəfə qaytarmışdır.
Komissiya sədri Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, itkin vətəndaşlarımızın
axtarışı üzrə
intensiv və təxirəsalınmaz tədbirlərin bundan sonra da davamlı və operativ
şəkildə həyata keçiriləcəyini, bu istiqamətdə mövcud beynəlxalq əməkdaşlığın
daha da genişləndiriləcəyini qeyd etmişdir. Eyni zamanda Yaxın Şərqdə baş vermiş silahlı
münaqişələr zamanı qeyri-qanuni silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etmiş şəxslərin İraq və Suriyada saxlanılan
ailə üzvlərinin, xüsusən də qadın və uşaqların repatriasiyası və reabilitasiyası
ilə bağlı müvafiq tədbirlərin görüldüyü və hazırkı vaxtadək hər iki ölkədən
birlikdə mərhələli şəkildə 366 nəfərin repatriasiya edildiyi nəzərə çatdırılmışdır.
Sonra Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri
İsmayıl Axundov çıxış edərək cənab Əli Nağıyevin rəhbərliyi altında son illərdə
Dövlət Komissiyası tərəfindən əsir və itkin düşmüş şəxslərlə əlaqədar həyata
keçirilmiş önəmli tədbirlər barədə geniş məlumat vermiş, qurumun fəaliyyətinin
keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu, bu sahə üzrə mötəbər beynəlxalq təşkilatlarla
sıx əməkdaşlıq münasibətlərinin qurulduğunu vurğulamış, həmçinin meyit
qalıqlarının axtarışı zamanı yeni texnologiyaların uğurlu tətbiqindən
danışmışdır. Natiq bildirmişdir ki, bu günədək Ermənistan tərəfindən təhvil
verilmiş, o cümlədən işğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş və ölkə ərazisindəki
naməlum şəhid məzarlıqlarında dəfn edilmiş meyit qalıqları üzrə ümumilikdə 282
məhkəmə molekulyar-genetik ekspertizası təyin olunmuşdur.
Tədbirdə həmçinin Xarici İşlər Nazirliyinin
Konsulluq idarəsinin rəisi Emil Səfərov İraq və Suriyada saxlanılan Azərbaycan
vətəndaşlarının repatriasiyası ilə bağlı məruzə etmiş, bu sahədə görülmüş və gələcəkdə
görüləcək işlər barədə ətraflı məlumat vermişdir.
Daha sonra Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan
Respublikasındakı Nümayəndəliyinin başçısı xanım Arian Bauer, Dövlət
Komissiyasının üzvləri - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
İsa Həbibbəyli, hərbi prokuror Xanlar Vəliyev, xarici işlər nazirinin müavini Xələf
Xələfov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini
Sədaqət Qəhrəmanova, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyev çıxış edərək çalışdıqları
sahələr üzrə gündəlikdə duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparmışlar.
Qeyd olunmuşdur ki, Birinci Qarabağ müharibəsi zamanı Beynəlxalq Qızıl Xaç
Komitəsi tərəfindən həm Ermənistan ərazisində, həm də işğal edilmiş ərazilərdə
saxlanılan 54 nəfər Azərbaycan Respublikası vətəndaşına baş çəkilmiş, onlardan
17 nəfərinin meyiti sonradan Azərbaycana təhvil verilmiş, 33 nəfərin öldüyü
bildirilsə də meyitləri qaytarılmamış, 4 nəfərin isə sonrakı taleyi barədə
ümumiyyətlə məlumat verilməmişdir.
İclasın yekununda Dövlət Komissiyasının sədri
Əli Nağıyev qarşıda duran mühüm vəzifələr barədə ətraflı bəhs etmiş, əsir-girov
götürülmüş, itkin düşmüş vətəndaşlarımızın taleyinə aydınlıq gətirilməsi yönümündə
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq arenada həyata
keçirdiyi fəaliyyətin xüsusilə təqdirəlayiq olduğunu vurğulamış, Dövlət
Komissiyasına həvalə olunmuş məsələlərin və tapşırıqların yerinə yetirilməsi istiqamətində
bundan sonra da bütün qüvvə və vasitələrin səfərbər olunacağını diqqətə
çatdırmışdır.