Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatı

rehberlik
Rəsmi məlumatlar 24 İyun 2022

16:40

Əcnəbiləri ölkə ərazisinə qanunsuz keçirən şəxslər saxlanılaraq məsuliyyətə cəlb edilmişlər

Xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasının dövlət sərhədindən qanunsuz olaraq ölkə ərazisinə keçirilmələri barədə daxil olmuş məlumatlarla əlaqədar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Dövlət Sərhəd Xidməti ilə birgə araşdırmalar aparılmışdır.

Həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşları - 1991-ci il təvəllüdlü Ağayev Rasif Nufiəli oğlu və 1970-ci il təvəllüdlü İsayev Ənvər Abasxan oğlunun İran İslam Respublikasında yaşayan müəyyən şəxslərlə qabaqcadan sövdələşərək həmin ölkədən xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar gizli keçirilməsini təşkil etmələrinə əsaslı şübhələr yaranmışdır.

Müəyyənləşdirilmişdir ki, Rasif Ağayev və Ənvər İsayev İran İslam Respublikası vətəndaşları ilə əlbir olub maddi maraq müqabilində adıçəkilən ölkənin ərazisində olan xarici ölkə vətəndaşlarının qeyri-leqal yolla Azərbaycan Respublikasına keçmələrinin təşkil edilməsi barədə razılaşmış və bu məqsədlə Rasif Ağayev gecəgörmə cihazı və digər texniki avadanlıqlardan istifadə etməklə Yardımlı rayonunun Arvana kəndindən dövlət sərhədini pozaraq İran İslam Respublikasına keçmiş, orada olan əcnəbiləri dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənar gizli, qanunsuz Azərbaycan Respublikası ərazisinə keçirmiş, onları qabaqcadan əldə edilmiş razılığa uyğun olaraq əvvəlcə Ənvər İsayevin Yardımlı rayonunun Arvana kəndində yerləşən evinə, oradan isə Bakı şəhərində özünə məxsus evə gətirmişdir. Keçirilmiş əməliyyat tədbirləri zamanı hər iki şəxs, o cümlədən xarici ölkə vətəndaşları saxlanılmışlar.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rasif Ağayev və Ənvər İsayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə məsuliyyətə cəlb olunmuşdur.

Hazırda cinayət işi üzrə istintaq davam edir.