15:30
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olmuşdur
İyulun 8-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər
Əliyev adına Akademiyasında (Akademiya) məzunların növbəti buraxılışına həsr olunan təntənəli tədbir keçirilmişdir. Tədbirdə DTX-nin rəisi
general-polkovnik Əli Nağıyev, Xidmətin rəhbər əməkdaşları, təhlükəsizlik
orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti, məzunlar və
onların valideynləri iştirak etmişlər.
Öncə mənalı ömrünün 25 ilini xüsusi xidmət
orqanlarında fəaliyyətə həsr etmiş, Azərbaycan
təhlükəsizlik orqanlarının fəxri rəhbəri, ulu öndər Heydər Əliyevin əziz xatirəsi
dərin ehtiramla yad olunmuş, Akademiyanın “Şöhrət” muzeyinin qarşısında
ucaldılmış abidəsi önünə gül dəstələri qoyulmuşdur.
Sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və
suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin müqəddəs xatirəsi
bir dəqiqəlik sükutla anılmış, Dövlət Himni səsləndirilmişdir. Ardınca məzunlara
diplomların təqdim olunması mərasimi olmuşdur.
Daha sonra geniş nitqlə çıxış edən DTX-nin rəisi
general-polkovnik Əli Nağıyev Akademiyanın professor-müəllim heyətini, məzunları
və onların valideynlərini bu əlamətdar gün münasibətilə təbrik etmiş, gənc
zabitlərin ümummilli lider Heydər Əliyevin adını daşıyan Akademiyanın məzunu
adını gələcək xidməti fəaliyyətlərində şərəf və ləyaqətlə daşıyacaqlarına, dahi
şəxsiyyətin vətənpərvərlik və peşəkarlıq irsini layiqincə davam etdirəcəklərinə
ümidvar olduğunu bildirmişdir. Xidmət rəisi, Heydər Əliyevin 1998-ci ildə
imzaladığı müvafiq Sərəncamla təsis olunan Akademiyanın əsası qoyulduğu gündən hazırkı
dövrədək böyük inkişaf yolu keçdiyini, təhsil ocağının maddi-texniki bazasının
ötən müddət ərzində əhəmiyyətli dərəcədə təkmilləşdirildiyini, burada təhlükəsizlik
orqanları üçün yüksəkixtisaslı kadrların hazırlanması kimi mühüm vəzifənin səmərəli
həyata keçirilməsinə hərtərəfli şəraitin yaradıldığını qeyd etmişdir. General-polkovnik
Əli Nağıyev xüsusilə vurğulamışdır ki, Akademiyada təhsil alan kursantlar mövcud
imkanlardan maksimum səviyyədə istifadə edərək öz üzərilərində durmadan
çalışmalı, qazandıqları bilik və vərdişləri mütəmadi artırmalı, seçdikləri peşənin
sirlərinə dərindən yiyələnməli, gələcək fəaliyyətlərində xalqa və dövlətə sədaqətlə
xidmət etməlidirlər.
Çıxışında dünyada mürəkkəb geosiyasi proseslərin
getdiyi, ölkələrin milli təhlükəsizliyinə təhdidlərin artdığı bir vaxtda dövlətimizdə
sabitliyin və əmin-amanlığın etibarlı şəkildə təmin olunduğunu vurğulayan DTX rəisi
bu istiqamətdə daim ayıq-sayıqlığın qorunub saxlanıldığını, regionda cərəyan edən
hadisələrin dövlətimizin təhlükəsizliyinə təsiri baxımından diqqətlə izlənildiyini
bildirmişdir. Qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müzəffər sərkərdəliyi ilə Vətən
müharibəsində əldə edilən zəfərdən sonra Ermənistanla münasibətlərin
normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən atılan qətiyyətli addımların,
dövlətimizin başçısının sülh çağırışlarının müqabilində Ermənistan tərəfinin sərgilədiyi
destruktiv mövqe, danışıqların ruhuna xələl
gətirən əsassız iddia və bəyanatları təəssüf doğurur, bölgənin gələcək təhlükəsizliyinə
təsir edə biləcək amil kimi dəyərləndirilir. Ölkə Prezidentinin qeyd etdiyi
kimi, Ermənistanın revanş cəhdlərinin qarşısı qətiyyətlə alınacaqdır.
Bütün bunlar nəzərə alınaraq xüsusilə
vurğulanmışdır ki, Akademiyada təhsilini başa vurduqdan sonra DTX-də fəaliyyətə
başlayan gənc əməkdaşlar dövlətçiliyimizin və müstəqilliyimizin keşiyində hər
zaman sərvaxt durmalı, vəzifə borclarını vicdanla və layiqli şəkildə yerinə
yetirməli, Ali Baş Komandan İlham Əliyevin təhlükəsizlik orqanlarının
qarşısında qoyduğu tapşırıqların icrası yönümündə əzmlə çalışmalıdırlar.
Sonra
tədbirdə çıxış edənlər Akademiyada keyfiyyətli təhsil almaq üçün yaradılmış hərtərəfli
şəraitə görə DTX-nin və Akademiyanın rəhbərliyinə minnətdarlığını bildirmiş, gənc
zabitlərin Vətənə sədaqətlə xidmət edəcəyinə inamını ifadə etmişlər.
Təntənəli mərasim ümummilli
lider Heydər Əliyevin Akademiyanın “Şöhrət” muzeyi önündə ucaldılmış abidəsi
qarşısında xatirə şəklinin çəkdirilməsi ilə başa çatmışdır.