17:30
Dövlət Gömrük Komitəsinin
vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınmışdır
Azərbaycan Respublikasının gömrük qanunvericiliyinin pozulması ilə
müşayiət olunan, vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə
zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan qanunsuz əməllərə yol
verilməsinə dair daxil olmuş məlumatlar əsasında 10 iyun 2022-ci il tarixdə Dövlət
Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq
tədbirləri həyata keçirilmişdir.
Araşdırmalar nəticəsində Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” birliyinin
direktoru vəzifəsində işləyən Xəlilov Ehtiram Səyyaf oğlunun xidməti vəzifələrinin
icrası ilə əlaqədar qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən
qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə qanunvericiliklə müəyyən
edilmiş gömrük hərraclarının təşkili və həyata keçirilməsi qaydalarını pozaraq ayrı-ayrı
şəxslərlə qabaqcadan əldə edilmiş razılığa əsasən dövlət mülkiyyətinə
keçirilmiş malların və nəqliyyat vasitələrinin real dəyərindən aşağı qiymətləndirilməsini
və satılmasını təmin etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər
vurmasına, bu qanunsuz hərəkətlərə görə tabeçiliyində işləyən şəxslər vasitəsilə
S.A.Qulamov, R.Ç.Hacıyev, S.F.Tağıyev, E.V.İbrahimov, T.D.Pənahov,
S.H.Abdullayev, İ.M.Musayev, E.Y.Hümbətov, Ə.S.Əliyev və digər şəxslərdən təkrar
külli miqdarda rüşvət almasına əsaslı şübhələr yaranmışdır.
Cinayət işi üzrə Ehtiram Xəlilov Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və
311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə
cəlb edilmiş, 22 iyun 2022-ci il tarixdə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan
tədbiri seçilmişdir.
Eləcə də aparılan istintaqla Dövlət Gömrük Komitəsinin Enerji
Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Babayev Rəşad
Tofiq oğlu və Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Yol
vergiləri və icazə blanklarına nəzarət şöbəsinin rəisi vəzifəsində işləyən Səfərov
Şükür İsbəndiyar oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin
icrası ilə əlaqədar ölkə ərazisinə daxil olmasına xüsusi icazə tələb edilən iriölçülü
və ağırçəkili xarici yük maşınlarının sərhəd keçid məntəqələrindəki gömrük nəzarət
postlarından buraxılması və bunun üçün maneə yaradılmaması müqabilində həmin
yük maşınlarının hər birinə görə sahiblərindən vasitəçilərdən
istifadə etməklə təkrar külli miqdarda rüşvət almaları
faktlarına dair məlumatlar əldə edilmişdir.
Rəşad Babayev və Şükür Səfərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən
təkrar külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb
edilmiş, 1 iyul 2022-ci il tarixdə məhkəmənin qərarı ilə barələrində həbs qətimkan
tədbiri seçilmişdir.
Eyni zamanda, davam edən cinayət işi
üzrə Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində
işləyən Rəsulov Məsum Eynalı oğlunun öz vəzifə səlahiyyətlərindən qulluq mənafeyinə
qəsdən zidd olaraq istifadə etməklə, qabaqcadan əldə edilmiş sövdələşməyə uyğun
olaraq Dövlət Gömrük Komitəsinin digər vəzifəli şəxsləri vasitəsilə “Azərterminalkompleks”
Birliyi tərəfindən hüquqi xidmət, reklam işləri, təlim-tədris və texniki servis
xidmətlərinin göstərilməsi adı altında “Azerbaijan Legal Consulting İnternational Services” MMC, “Nanoc” MMC, “Veqa-Servis”
MMC, “Meqan Group” MMC, “Omega Servis IKO” MMC, “Delta Servis İKO” MMC və digər
şirkətlərin hesabına köçürülən, müvafiq işlər görülmədən və xidmətlər göstərilmədən
nağdlaşdırılaraq geri qaytarılan xüsusilə külli miqdarda dövlət büdcəsi vəsaitini
mənimsəməsinə əsaslı şübhələr müəyyən olunmuşdur.
Həmçinin Məsum Rəsulovun, müsadirəsi nəzərdə
tutularaq “Azərterminalkompleks” Birliyində saxlanılan müxtəlif adda siqaret məhsullarını
Silahlı Qüvvələrimizin düşmənlə təmas xəttində xidmət edən hərbi qulluqçularına
paylanılması üçün Müdafiə Nazirliyinin aidiyyəti struktur bölmələrinə deyil, şəxsi
münasibətdə olduğu əməkdaşına müvafiq tələblərdə rəsmiləşdirmə aparılması ilə
bağlı qanunla müəyyən edilmiş prosedur qaydaları pozmaqla təhvil verərək külli
miqdar dəyərində siqaret məhsullarının təyinatı üzrə çatdırılmaması nəticəsində
dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən
edilmişdir.
Məsum Rəsulov 14 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində
saxlanılaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4 (xüsusilə
külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən
sui-istifadə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmişdir.
Hazırda istintaq-əməliyyat
tədbirləri davam etdirilir.