11:50
“Vətən müharibəsinin təcrübələri” mövzusunda konfransın açılış mərasimi keçirilmişdir
Noyabrın 23-də Dövlət Təhlükəsizliyi
Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyində Azərbaycan
Respublikasının Təhlükəsizlik Şurası Katibinin Xidmətinin təşkilatçılığı ilə “Vətən
müharibəsinin təcrübələri” mövzusunda konfrans öz işinə başlamışdır. Tədbirdə
Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi general-polkovnik
Ramil Usubov, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir
Həsənov, DTX-nin rəisinin birinci müavini general-leytenant Ceyhun Şadlinski,
Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət
Xidmətinin rəisi general-leytenant İlqar Musayev, Azərbaycan Respublikasının
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi general-mayor İlqar
Abbasov, hüquq-mühafizə və digər dövlət orqanlarının rəhbər əməkdaşları,
Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargahının və Milli Təhlükəsizlik
Şurası Baş Katibliyinin nümayəndələri iştirak etmişlər. Konfransın məqsədi Vətən
müharibəsinin nəticələrinin təhlilinin və müharibədə qazanılmış hərbi təcrübənin
aidiyyəti qurumlar arasında mübadiləsinin təmin olunmasıdır.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər
Əliyevin “Şöhrət” muzeyinin qarşısında ucaldılan abidəsini ziyarət etmiş, önünə
gül dəstələri düzmüşlər.
Ulu Öndərin və ölkəmizin suverenliyi və ərazi
bütövlüyü uğrunda həlak olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilmişdir.
Öncə çıxış edən Təhlükəsizlik
Şurasının katibi general-polkovnik Ramil Usubov tədbirin təşkilində göstərdiyi
dəstəyə görə DTX-nin rəhbərliyinə minnətdarlığını ifadə etmiş, bu mövzuda
konfransın keçirilməsinin əhəmiyyətindən danışmışdır. O, Müzəffər Ali Baş
Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi altında şanlı qələbəmizlə
yekunlaşan 44 günlük Vətən müharibəsinin tariximizdə silinməz iz buraxdığını,
bu müharibənin ordumuzun döyüş təcrübəsinin artırılmasında əvəzsiz rol
oynadığını, hərbi əməliyyatların planlaşdırılması və aparılmasının xarici ölkələrin
hərbi müəssisələrində öyrənildiyini diqqətə çatdırmışdır. General-polkovnik
Ramil Usubov müharibənin nəticələrinin təhlilinin və əldə olunan təcrübənin
milli təhlükəsizliyin etibarlı təminatı, silahlı qüvvələrimizin müdafiə
qabiliyyətinin artırılmasında önəmli amil olduğunu bildirmişdir.
Daha sonra müdafiə naziri
general-polkovnik Zakir Həsənov çıxış edərək ölkə rəhbərinin tapşırığı əsasında,
Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun hərbi potensialının artırılması
yönümündə həyata keçirilən islahatlar, yeni hərbi birliklərin yaradılması,
qarşıya qoyulmuş vəzifələrin operativ və çevik yerinə yetirilməsi üçün silahlı
qüvvələrimizin şəxsi heyətinin hərbi təhsil səviyyəsinin yüksəldilməsi, müasir
hərbi texnika və avadanlıqlarla təchiz olunması barədə məlumat vermişdir.
DTX-nin rəisinin birinci müavini
general-leytenant Ceyhun Şadlinski çıxışında qeyd etmişdir ki, iki ölkə
arasında münasibətlərin normallaşdırılması istiqamətində görülən işlərə Ermənistandakı
revanşist qüvvələrin hər vəchlə maneçilik törətməyə çalışması, bu ölkənin
silahlanmaya və ordu quruculuğuna öz imkanlarından artıq maliyyə vəsaiti
ayırması, müxtəlif xarici dövlətlərdən müasir silahlar və hərbi təyinatlı
avadanlıqlar almağa cəhdlər göstərməsi, sülh müqaviləsinin imzalanmasını bütün
mümkün vasitələrdən istifadə etməklə yubatmağa meyl etməsi narahatlıq doğuran məqamlardır.
Həmçinin vurğulanmışdır ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi
Azərbaycan ərazisinə hərbi texnikaların daşınması, orada müxtəlif təxribat
xarakterli tədbirlərin keçirilməsinə şərait yaradılması da xüsusilə diqqət çəkir.
İran xüsusi xidmət orqanlarının Azərbaycana qarşı aktiv şəkildə həyata
keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətindən də danışan natiq bu istiqamətdə
görülən kəsərli tədbirlərdən söhbət açmışdır.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi
Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev bildirmişdir ki, həm Vətən
müharibəsi zamanı, həm də müharibədən sonrakı dövrdə məkrli qüvvələr tərəfindən
respublikamızın informasiya təhlükəsizliyinə yönələn təhdidlərin və
kiberhücumların qarşısının alınması, savaş dövründə hərbi obyektlərimizin
xüsusi rabitə avadanlıqları ilə təminatı, radiostansiyaların işinin səmərəli təşkili
üçün digər qurumlarla birgə lazımi tədbirlər görülmüşdür.
Konfrans öz işini noyabrın 25-dək
hərbi təhlükəsizlik, səfərbərlik hazırlığı, strateji kommunikasiya, informasiya
təhlükəsizliyi, kibertəhlükəsizlik, mülki müdafiə və digər aidiyyəti mövzular
üzrə mühazirələr və panel müzakirələrlə davam etdirəcəkdir.