09:00
Taleh Yusifov Azərbaycana ekstradisiya edilmişdir
Dövlət
Təhlükəsizliyi Xidmətində İran xüsusi xidmət
orqanlarının nəzarəti altında Azərbaycan Respublikası vətəndaşlarının seçilərək
qanunsuz silahlı birləşmə yaradılması, onlara ölkə hüdudlarından kənarda
radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə xüsusi hərbi təlimlərin
keçirilməsi, şəxsiyyətləri gizlədilərək başqa adlarla müxtəlif dövlətlərin
ərazilərində terror-təxribat əməllərinin törədilməsinə cəlb olunmaları
faktlarına görə başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri
aparılır.
İbtidai istintaq zamanı, 1967-ci
il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Yusifov Taleh Rəşid oğlunun şəxsi
nüfuz və əlaqə imkanlarından istifadə edərək vətəndaşlarımızın İran İslam Respublikasının ərazisində
yaradılan “Hüseyniyun” adlı qanunsuz silahlı birləşməyə cəlb edilməsini üçüncü
ölkə ərazisindən təşkilini həyata keçirməsi, bu istiqamətdə görülən işlərin
gizliliyini və maliyyələşdirilməsini təmin etməsi, “Təqi”
ləqəbi altında qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirakına əsaslı
şübhələr müəyyən edilmişdir.
Həmçinin
müəyyənləşdirilmişdir ki, Taleh Yusifov 2016-cı ilin əvvəllərində İran ərazisinə
keçib Səfərov Yunis Rafiq oğlu (məhkum edilmişdir), Əsədov Rövşən Elçin oğlu və
digərləri ilə birlikdə gizli yaratdıqları qanunsuz silahlı birləşmənin tərkibində
müxtəlif silahlarla hərbi təlimlərdə iştirak etmiş, həmin şəxslərlə birgə
Suriya ərazisində xarici mütəxəssislər tərəfindən xüsusi təyinatlı texnikaların
tətbiqi ilə müşayiət olunan hərbi xarakterli əməliyyat tədbirlərinin
planlaşdırılması, kəşfiyyat işlərinin aparılması ilə bağlı xüsusi təlimlər
keçmişdir.
Taleh Yusifov Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda
qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılmasında və
fəaliyyətində iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində
məsuliyyətə cəlb olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilərək beynəlxalq axtarış elan edilmişdir.
İstintaqla Taleh Yusifovun xarici ölkə ərazisinə
keçdikdən sonra gizləndiyi yer müəyyən olunmuş və o, beynəlxalq axtarışa dair
qarşılıqlı hüquqi yardım proseduru çərçivəsində saxlanılaraq Azərbaycana
ekstradisiya edilmişdir.
Hazırda
cinayət işi üzrə araşdırmalar davam edir.