19:55
DTX-nin Gəncə şəhər idarəsində Ulu Öndərin 100
illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən
2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Dövlət Təhlükəsizliyi
Xidmətinin (DTX) təşkil etdiyi silsilə tədbirlər çərçivəsində Gəncə şəhərində
“Heydər Əliyev təhlükəsizlik orqanlarının fəxri rəhbəridir” adlı tədbir
keçirilmişdir.
Tədbirdə Gəncə şəhər İcra
Hakimiyyətinin başçısı Niyazi Bayramov, DTX-nin rəhbər heyəti və əməkdaşları, şəhərin
hüquq-mühafizə orqanlarının rəhbərləri, Gəncədə yerləşən ali təhsil müəssisələrinin
rektorları, Milli Məclisin deputatları və təhlükəsizlik orqanlarının
veteranları iştirak etmişlər.
Öncə tədbir iştirakçıları
Ümummilli Lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini
ziyarət edərək önünə gül dəstələri qoymuş, dahi şəxsiyyətin xatirəsinə dərin
ehtiramlarını bildirmişlər.
Daha sonra tədbir Gəncə şəhər
idarəsinin akt zalında davam etdirilmişdir. Azərbaycan Respublikasının
suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə çıxış edənlər Heydər
Əliyevin xüsusi xidmət orqanlarındakı 25 illik fəaliyyətindən ətraflı bəhs
etmiş, dahi rəhbərin bu təsisatda apardığı milliləşmə prosesindən, fəaliyyəti
dövründə çoxlu sayda azərbaycanlı kadrların xidmətə qəbul edilməsindən söhbət
açmış, onun dərin zəkası, geniş dünyagörüşü, hadisələri düzgün təhlil etmək
bacarığı, savadı və istedadı sayəsində əməliyyat müvəkkili vəzifəsindən Azərbaycan
SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinədək yüksəlməsi qeyd
olunmuşdur. Natiqlər müstəqillik qazanıldıqdan sonra da Ulu Öndərin heç zaman təhlükəsizlik
təşkilatından öz dəstəyini əsirgəmədiyini, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin bu orqanlara diqqət və qayğısını xüsusi vurğulamışlar.
Tədbir DTX-nin Azərbaycan
Televiziyası ilə birgə reallaşdırdığı “Konfidensial” layihəsinin ilk buraxılışı
olan və Ulu Öndər Heydər Əliyevin təhlükəsizlik orqanlarında xidmət etdiyi
zaman onun rəhbərliyi ilə keçirilmiş “Naturalist” əməliyyatına həsr olunmuş sənədli
filmin nümayişi ilə başa çatmışdır.