12:45
Şəki şəhərində Ümummilli Liderin 100 illik
yubileyinə həsr olunmuş tədbir keçirilmişdir
Dövlət Təhlükəsizliyi Xidməti
(DTX) tərəfindən “Heydər Əliyev İli” çərçivəsində Şəki şəhərində “Heydər Əliyev
və təhlükəsizlik orqanları” mövzusunda növbəti tədbir keçirilmişdir.
Tədbirdə Şəki şəhər İcra
Hakimiyyətinin başçısı Elxan Usubov, DTX-nin rəhbər şəxsləri və əməkdaşları, şəhərin
hüquq-mühafizə orqanlarının rəhbərləri, Milli Məclisin deputatı Vüqar İskəndərov, təhlükəsizlik
orqanlarının veteranları, Vətən müharibəsi iştirakçıları, Şəki şəhərinin təhsil,
səhiyyə və mədəniyyət işçiləri iştirak etmişlər.
Öncə qonaqlar Şəki şəhərinin mərkəzində
Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş,
önünə gül dəstələri qoymuşlar.
Şəki şəhərinin Heydər Əliyev Mərkəzində
təşkil olunan tədbir Ulu Öndərin və Azərbaycan Respublikasının suverenliyi və ərazi
bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik
sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.
Tədbiri açıq elan edən Şəki şəhər
İcra Hakimiyyətinin başçısı Elxan Usubov görkəmli dövlət xadimi Heydər Əliyevin
müstəqillik illərində ölkəmizin təhlükəsizlik strategiyasının hazırlanması və
reallaşdırılmasına, bu kontekstdə Azərbaycan təhlükəsizlik orqanlarının
inkişafına verdiyi töhfələrdən, dahi şəxsiyyətin dövlətçiliyimiz və ölkəmizin tərəqqisi
yolunda göstərdiyi əvəzsiz xidmətlərdən ətraflı bəhs etmiş, Ulu Öndərin 100
illik yubileyinə həsr olunan belə silsilə tədbirlərin keçirilməsinin əhəmiyyətindən
danışmışdır.
Tədbirin digər çıxışçıları Ümummilli
Liderin təhlükəsizlik orqanlarındakı fəaliyyəti ərzində gördüyü mühüm işlərdən,
Ulu Öndərin bilavasitə rəhbərliyi ilə həyata keçirilən uğurlu əməliyyatlardan,
bu orqanların milliləşdirilməsi istiqamətində gərgin səylərindən geniş söhbət
açmış, dahi rəhbərin xidmətdə hər zaman nizam-intizama, tabeliyindəki əməkdaşların
göstərişləri dəqiq icra etməsinə xüsusi önəm verdiyini vurğulamışlar.
Bildirilmişdir ki, Heydər Əliyevin təhlükəsizlik təşkilatında əsasını qoyduğu
peşəkarlıq məktəbi bu gün də layiqincə davam etdirilir, xüsusi xidmət
orqanlarının səmərəli fəaliyyəti üçün onun müəyyən etdiyi meyarlar DTX-nin əməliyyat
heyəti tərəfindən həmişə rəhbər tutulur.
Natiqlər qeyd etmişlər ki, Ulu
Öndərin daim diqqət və qayğı ilə əhatə etdiyi təhlükəsizlik orqanlarına Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərdiyi etimad və etibar
dövlətin təhlükəsizliyinin təmin olunması yolunda qarşıya qoyulmuş vacib
tapşırıqların lazımi səviyyədə icrasında böyük əhəmiyyət kəsb edir.
Tədbir DTX-nin Azərbaycan
Televiziyası ilə birgə reallaşdırdığı “Konfidensial” layihəsinin ilk buraxılışı
olan və Ulu Öndər Heydər Əliyevin təhlükəsizlik orqanlarında xidmət etdiyi
zaman onun rəhbərliyi ilə keçirilmiş “Naturalist” əməliyyatına həsr olunmuş sənədli
filmin nümayişi ilə başa çatmışdır.