18:55
DTX-də Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104 illiyi təntənəli şəkildə qeyd edilmişdir
Ulu Öndər
Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı müvafiq Sərəncamla 28
mart tarixi Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının
peşə bayramı günü kimi təsis edilmişdir.
Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104-cü ildönümü və
peşə bayramı ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik
Əli Nağıyev və Xidmətin rəhbər əməkdaşları Fəxri xiyabanda Ümummilli Lider
Heydər Əliyevin məzarını ziyarət edərək önünə əklil qoymuş, dahi şəxsiyyətin
əziz xatirəsinə dərin ehtiramlarını bildirmişlər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə
xanım Əliyevanın da xatirəsi yad edilərək məzarı üzərinə gül dəstələri
düzülmüşdür.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi
heyəti Şəhidlər xiyabanını da ziyarət etmiş, qəhrəman Vətən övladlarının və
Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş təhlükəsizlik orqanları
əməkdaşlarının məzarlarının üzərilərinə gül dəstələri düzülmüş, Xidmətin
adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulmuşdur.
Tədbirin DTX-nin akt zalında keçirilmiş
rəsmi hissəsində DTX-nin rəhbər şəxsləri və əməkdaşları,
Azərbaycan təhlükəsizlik orqanlarının veteranları, DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları iştirak etmişlər.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin
xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Dövlət Himni səsləndirildikdən
sonra DTX-nin rəisi general-polkovnik
Əli Nağıyev çıxış edərək şəxsi heyətə və veteranlara peşə bayramı münasibətilə təbriklərini
çatdırmışdır. Xidmət rəisi bir əsrdən çox yaşı olan təhlükəsizlik orqanlarının
təşəkkülündən geniş söhbət açmış, bu orqanların inkişafında və milli
maraqlara xidmət edən təşkilat kimi formalaşmasında Ulu Öndərin əvəzsiz xidmətlərini qeyd etmişdir. Heydər
Əliyevin sovetlər dönəmi kimi çətin bir vaxtda xüsusi xidmət orqanlarının
milliləşdirilməsi prosesini cəsarətlə və uğurla apardığını, azərbaycanlı
kadrları bu mühüm qurumda yüksək vəzifələrə
irəli çəkdiyini vurğulamışdır.
General-polkovnik
Əli Nağıyev bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin müdrik rəhbərliyi altında və birbaşa göstərişləri əsasında fəaliyyətini
müasir çağırışların tələblərinə uyğun qaydada quran DTX-də bu gün də Ümummilli
Lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında təməlini qoyduğu peşəkarlıq
məktəbi layiqincə davam etdirilir, Azərbaycanda sabitlik və əmin-amanlıq
etibarlı şəkildə qorunub saxlanılır.
DTX-nin maddi-texniki
bazasının daha da möhkəmləndirilməsindən, əməkdaşların mənzil-məişət şəraitinin
yaxşılaşdırılmasından və sosial müdafiəsinin gücləndirilməsindən də bəhs edən Xidmət
rəisi bütün bunların dövlət başçısının dəstəyi nəticəsində mümkün olduğunu
söyləmişdir.
Çıxışında dünyada
gedən və ciddi təlatümlərlə müşayiət olunan geosiyasi proseslərə də toxunan general-polkovnik
Əli Nağıyev Azərbaycana qonşu olan bəzi dövlətlərin hazırda respublikamızın təhlükəsizliyinə
qarşı yönələn məkrli əməllərindən danışaraq qeyd etmişdir ki, həmin dövlətlərin
xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin və təxribatlarının
qarşısı qətiyyətlə alınır və ölkəmizdə hökm sürən
təhlükəsizlik mühiti daima etibarlı şəkildə qorunur.
Xidmət
rəisi Əli Nağıyev eyni zamanda xüsusi qeyd etmişdir ki, Müzəffər Ali Baş
Komandanın yüksək sərkərdəlik məharəti, Azərbaycan Ordusunun rəşadəti sayəsində
işğaldan azad olunmuş və hazırda genişmiqyaslı bərpa-quruculuq işlərinin
aparıldığı ərazilərə “Böyük Qayıdış” proqramı əsasında vətəndaşlarımızın köçürülməsi
prosesinin müvəffəqiyyətlə gerçəkləşdirilməsi
üçün digər dövlət orqanları kimi DTX tərəfindən də bütün
imkanlar səfərbər olunacaqdır.
Daha sonra tədbirdə çıxış edənlər Ulu Öndərin
təhlükəsizlik orqanlarında 25 illik xidməti fəaliyyəti dövründə nümayiş
etdirdiyi peşəkarlıq nümunələrindən, Heydər
Əliyevin birbaşa rəhbərliyi altında uğurla keçirilmiş əməliyyatlar, eləcə də müasir dövrdə təhlükəsizlik orqanlarının
qarşısında duran vəzifələr barədə fikirlərini bölüşmüşlər.
Çıxışlar bitdikdən sonra xidmətdə
əldə etdikləri nailiyyətlərə görə fərqlənmiş əməkdaşlara mükafatların təqdim olunması mərasimi keçirilmişdir.
Tədbirdə şəxsi heyət
adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı cənab İlham Əliyevə müraciət oxunmuş, ölkə başçısına göstərdiyi
etimada, diqqət və qayğıya görə xüsusi minnətdarlıq ifadə olunmuş, DTX-nin əməkdaşlarının
milli maraqların və təhlükəsizliyin keşiyində daim ayıq-sayıq duracaqları, bu
müqəddəs missiyanın yerinə yetirilməsi üçün bundan sonra da var-qüvvə ilə
çalışacaqları qətiyyətlə bildirilmişdir.
Sonda DTX-nin “Real” TV ilə birgə hazırladığı “La
Vira - məxfi menyu” sənədli filmi nümayiş olunmuşdur.
Tədbirin bədii hissəsi DTX-nin Mədəniyyət Mərkəzində tanınmış mədəniyyət
və incəsənət xadimlərinin ifasında konsert proqramı ilə davam etmişdir.