11:00
Göyçay şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir
Dövlət Təhlükəsizliyi
Xidməti (DTX) tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının
100-cü ildönümü ilə əlaqədar “Heydər Əliyev və təhlükəsizlik orqanları” adlı növbəti
tədbir Göyçay şəhərində təşkil olunmuşdur.
Tədbirdə Göyçay rayon İcra
Hakimiyyətinin başçısı Natiq Ağayev, DTX-nin rəhbər şəxsləri və əməkdaşları,
şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, Milli Məclisin deputatları,
təhlükəsizlik orqanlarının veteranları, Vətən müharibəsi iştirakçıları və rayon
ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə Ulu Öndər Heydər
Əliyevin Göyçay şəhərində ucaldılmış abidəsi ziyarət olunmuş, önünə gül
dəstələri qoyularaq dərin ehtiram bildirilmişdir.
Qonaqlar tədbirin keçirildiyi Heydər Əliyev
Mərkəzinin foyesində Ümummilli Liderin həyatının müxtəlif dövrlərini əks
etdirən fotoşəkillərin nümayiş olunduğu guşə ilə tanış olduqdan sonra tədbir
açıq elan edilmişdir.
Öncə dahi rəhbər Heydər
Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və azadlığı uğrunda
canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
olunmuş və Dövlət Himni səsləndirilmişdir.
Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev tədbir
iştirakçılarını salamlayaraq belə bir tədbirin keçirilməsinin rayonun ictimai
həyatında önəmli hadisə olduğunu qeyd etmişdir. Heydər Əliyevin təhlükəsizlik
orqanlarından başlayan mənalı ömrünün hər anının bir tarix olduğunu vurğulayan
Natiq Ağayev dahi şəxsiyyətin bütün fəaliyyəti boyu Azərbaycanın çiçəklənməsi
və qüdrətlənməsi yolunda gördüyü ölçüyəgəlməz işlərdən, respublikamızın
təhlükəsizliyinin və ərazi bütövlüyünün etibarlı qorunması, xalqımızın sülh və
əmin-amanlıq şəraitində yaşaması naminə göstərdiyi fədakarlıq nümunələrindən və
hazırda Ulu Öndərin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı tərəqqisindən geniş söhbət
açmışdır.
Tədbirin digər çıxışçıları görkəmli
dövlət xadimi Heydər Əliyevin təhlükəsizlik orqanlarının tarixində ilk
azərbaycanlı general olaraq sözügedən təsisatın inkişafına misilsiz töhfələr verdiyini,
milli kadrlarla komplektləşdirdiyini, Azərbaycana rəhbərlik etdiyi vaxtlarda da
təhlükəsizlik qurumunun fəaliyyətini daim diqqət mərkəzində saxladığını
vurğulamış, bugünkü dövrdə Azərbaycan xüsusi xidmət orqanlarının öz işini məhz Heydər
Əliyevin vaxtilə təhlükəsizlik təşkilatında təməlini qoyduğu prinsiplər əsasında
qurduğunu nəzərə çatdırmışlar.
Sonda tədbir iştirakçıları DTX-nin
Azərbaycan Televiziyası ilə birgə ərsəyə gətirdiyi “Konfidensial” layihəsinin
növbəti buraxılışı olan və Ulu Öndər Heydər Əliyevin təhlükəsizlik orqanlarında
xidmət etdiyi zaman onun rəhbərliyi altında keçirilmiş “Port-Pəhləvi”
əməliyyatından bəhs edən sənədli filmə tamaşa etmişlər.