11:55
Azərbaycan ərazisində terror aktı törətməyi planlaşdıran xarici ölkə vətəndaşı saxlanılmışdır
Dövlət Təhlükəsizliyi Xidməti (DTX)
ölkəmizin milli təhlükəsizliyinə və dövlət maraqlarına qarşı yönələn terror-təxribat
və kəşfiyyat-pozuculuq fəaliyyəti ilə mübarizə istiqamətində əməliyyat-istintaq
tədbirlərini davam etdirir.
Aparılan araşdırmalarla Əfqanıstan
İslam Respublikasının vətəndaşı, 1990-cı il təvəllüdlü Favzan Musa Xanın (Fawzan Mosa Khan) digər
şəxslərlə qabaqcadan əlbir olaraq Azərbaycan Respublikası ərazisində ictimai
sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və
beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə
partlayış, yanğın və ya digər bu kimi hadisələrlə müşayiət olunacaq, insanların
həlak olması, onların sağlamlığına zərər yetirilməsi, əhəmiyyətli əmlak
ziyanının vurulması və başqa ictimai təhlükəli halların baş verməsi ilə nəticələnəcək
terror aktı törətməyi planlaşdırması müəyyən edilmişdir.
Məlum
olmuşdur ki, adıçəkilən əcnəbi qeyd olunan cinayət əməllərini törətmək niyyəti ilə xarici ölkədən Azərbaycan Respublikasına gəlmiş, Bakı şəhərində
yaşadığı müddətdə üçüncü dövlətin ölkəmizdəki Səfirliyinin yerləşdiyi ərazinin
koordinatlarını müəyyənləşdirmək və terror aktını planlaşdırmaq məqsədilə səfirliyin
binasının ətrafında müşahidə aparmış, terror aktında iştirak edə biləcək şəxslərin
müəyyən edilərək bu fəaliyyətə cəlb olunması, odlu silah və partlayıcı maddələrin
əldə edilməsi, bu məqsədlərlə maliyyə dəstəyinin alınması
üçün digər
şəxslərlə əlaqəyə girərək sövdələşmişdir.
Faktla bağlı Favzan Musa Xan DTX-nin
İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,
214.2.1 və 28, 214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu
silah və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə
terrorçuluq hərəkətlərinin törədilməsinə hazırlıq) maddələri ilə başlanılmış
cinayət işi üzrə cinayət başında saxlanılaraq təqsirləndirilən şəxs qismində məsuliyyətə
cəlb olunmuş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilmişdir.
Hazırda terror aktını planlaşdıran şəxslərin dairəsinin
tam müəyyən
olunması istiqamətində DTX tərəfindən kompleks istintaq-əməliyyat və beynəlxalq
hüquqi prosedur tədbirləri həyata keçirilir.