12:40
Məhkəmələrin adından saxta sənədlər hazırlayan şəxs saxlanılmışdır
Vətəndaş S.Cabbarova tərəf olduğu mülki işlə
bağlı Məhkəmə-Hüquq Şurasına müraciət edərək, Zöhrab Lətif oğlu Paşayevin
ona qarşı qanunsuz əməllərə yol verdiyini, məhkəmədə işinin həllinə köməklik
göstərilməsi müqabilində ondan xeyli miqdarda pul vəsaiti aldığını, habelə həmin
şəxsin ona Məhkəmə-Hüquq Şurasının və Bakı Apellyasiya Məhkəməsinin adından tərtib
olunmuş məktublar verdiyini bildirmişdir. Göstərilən halların araşdırılması
üçün vətəndaşın müvafiq müraciəti və təqdim etdiyi aidiyyəti sənədlər Məhkəmə-Hüquq Şurası Aparatı tərəfindən
Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) göndərilmişdir.
DTX-də aparılmış araşdırmalar
zamanı Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
178.2.2, 178.2.4 (dələduzluq, təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 310 (özbaşına
özünün vəzifəli şəxs kimi təqdim edilməsi) və 320.1-ci (rəsmi sənədləri
qanunsuz hazırlama) maddələri ilə məhkum edilmiş və məhkumluğu ödənilməmiş
Zöhrab Paşayevin 2022-ci ilin noyabr ayından etibarən yenidən özünü vəzifəli şəxs
kimi təqdim etməklə ayrı-ayrı vətəndaşlara
məhkəmə işlərinin həllinə, adlarına əmlakların rəsmiləşdirilməsinə kömək edəcəyi
barədə yalan vədlər verməsi, onların inamını
qazanmaq məqsədilə xüsusi qaydada QR kodlar hazırlayıb yerləşdirməklə Məhkəmə-Hüquq
Şurasının, məhkəmələrin və digər dövlət orqanlarının adından saxta sənədlər
hazırlayıb təqdim etməsi və bununla da
vətəndaşların pul
vəsaitlərini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməsinə əsaslı
şübhələr müəyyən edilmişdir.
Başlanılmış cinayət işi üzrə Zöhrab Paşayev Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 310 və 320.1-ci maddələri
ilə cinayət məsuliyyətinə cəlb olunmuşdur.
Bildiririk ki, bundan sonra da Məhkəmə-Hüquq
Şurasının, məhkəmələrin, habelə hakimlərin adından istifadə edərək qanunsuz əməllərə
yol verən şəxslər barəsində zəruri tədbirlər
görüləcəkdir.
Eyni zamanda, vətəndaşlara tövsiyə edilir ki,
hüquqi yardımın göstərilməsi ilə bağlı yalnız qanunvericiliklə müəyyən olunmuş
qaydada həmin fəaliyyətlə peşəkar qaydada məşğul olan şəxslərə və ya qurumlara
müraciət etsinlər.