09:50
DTX Qarabağ bölgəsinin erməni əhalisinə müraciət edir
Məlum olduğu kimi, cari ilin 19-20 sentyabr tarixlərində
Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində
qanunsuz erməni silahlı birləşmələrinin terror-təxribat əməllərinə son
qoyulması və tərk-silah edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri
həyata keçirilmiş, terrorçu dəstələr təslim olmağa məcbur edilmişlər.
Ötən müddətdə davam etmiş terror-təxribat əməllərini,
o cümlədən 19 sentyabr 2023-cü il tarixində Əhmədbəyli-Füzuli-Şuşa yolunun
58-ci kilometrliyində və Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa
olunan tunel yolunda minalar yerləşdirərək iki mülki şəxsin və dörd polis nəfərinin
həlak olması ilə nəticələnən terror əməllərini qanunsuz mütəşəkkil silahlı birləşmənin
tərkibində iştirak edərək törətməkdə şübhəli bilinən müvafiq şəxslər həmin antiterror
tədbirləri zamanı 20 sentyabr 2023-cü il tarixində tərk-silah edilərək saxlanılmışlar.
Qanunsuz erməni silahlı dəstələrinin tam tərk-silah
edilməklə döyüş mövqelərindən çıxarılmasına dair razılıq əldə olunduqdan sonra Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişlərinə uyğun olaraq,
erməni əhalinin yaşadığı ərazilərdə əmin-amanlığın, yerli sakinlərin şəxsi təhlükəsizliklərinin
və sosial problemlərinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər
görülmüş, qanunsuz erməni hərbi birləşmələrinin sərəncamında olan döyüş
sursatları Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə götürülmüşdür.
Dövlət Təhlükəsizliyi Xidməti Qarabağ bölgəsinin
erməni sakinlərinə müraciət edərək, Azərbaycan Respublikasının Qarabağ iqtisadi
rayonuna daxil olan rayonların ümumi inkişafına, həmçinin erməni əhalinin
rifahına, sülh şəraitində Azərbaycan cəmiyyətinə reinteqrasiyasına, sosial və
humanitar məsələlərinin həll edilməsinə, qanunçuluğun, sabitliyin və ictimai təhlükəsizliyin
qorunmasına təhdid yaradan əməllərdən, əmlakların, sənədlərin məhv edilməsi və sair
bu kimi qeyri-qanuni hərəkətlərdən çəkinməyə, qısa müddətdə onlarda olan silah-sursatı
təhvil verməyə çağırır.
Silahları təhvil vermiş və Azərbaycan Respublikasının
müvafiq qanunvericiliyinin tələblərinə əməl edən erməni millətindən olan şəxslərin
hüquq və azadlıqlarının qorunmasına tam təminat verilir.