10:55
Ermənistan vətəndaşı R.Vardanyan təqsirləndirilən şəxs qismində saxlanılaraq məsuliyyətə cəlb olunmuşdur
Məlum
olduğu kimi, Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti
yerləşdiyi ərazilərində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri
tərəfindən ötən müddət ərzində törədilmiş çoxsaylı terrorçuluq cinayətlərinin
araşdırılması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində ibtidai istintaq
aparılır.
Toplanılmış
sübutlarla, hazırda Ermənistan Respublikasının vətəndaşı olan 1968-ci il təvəllüdlü
Vardanyan Ruben Karlenoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1
(terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə
nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində
iştirak etmə) və 318.1-ci (Azərbaycan
Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə
tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Ona qarşı irəli sürülən ittihama əsasən, müəyyənləşdirilmişdir ki, Ruben Vardanyan xarici ölkə vətəndaşı olduğu halda terror-təxribat əməlləri törətmək məqsədilə 2022-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar, qanunsuz keçərək, Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi əraziyə daxil olmuş, həmin ərazidə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılması və fəaliyyətinin təşkilində, habelə idarələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə insanların həlak olmasına və digər ağır nəticələrə səbəb olan basqınlar etmiş sözügedən qanunsuz hərbi birliklərin silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchiz edilməsində iştirak etmişdir. Bundan başqa o, pul vəsaitlərini həmin qanunsuz silahlı birləşmələrin terrorçuluq fəaliyyətinin təşkil olunmasına yönəltməklə terrorçuluğu maliyyələşdirmişdir.
Törətdiyi
qeyri-qanuni əməllərə görə Ruben Vardanyan 27 sentyabr 2023-cü il tarixində
saxlanılaraq, ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə
cəlb olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda
cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.