16:25
Ermənistan vətəndaşı D.Manukyan Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə həbs edilmişdir
Azərbaycan
Respublikasının Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya olunduğu ərazilərində
qanunsuz erməni silahlı birləşmələrinin törətdikləri və insanların həlak olması
ilə nəticələnmiş çoxsaylı terror aktları ilə əlaqədar Dövlət Təhlükəsizliyi
Xidmətində ibtidai istintaq davam etdirilir.
Əldə
olunmuş sübutlar əsasında, Ermənistan Respublikasının vətəndaşı, 1971-ci il təvəllüdlü
Manukyan Davit Azati tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar terrorçuluq),
228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı,
partlayıcı maddələr və qurğular əldə etmə, saxlama və daşıma), 279.3 (qanunvericiliklə
nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və 318.1-ci (Azərbaycan
Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələrində ehtiva
olunan cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
İttihama
əsasən, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda erməni silahlı qüvvələrinin
Azərbaycan Respublikasının ərazisindən çıxarılmasının nəzərdə tutulmasına baxmayaraq,
Ermənistan Respublikasında anadan olmuş və orada qeydiyyatda olan, həmin ölkənin
vətəndaşı, Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu,
general-mayor ali hərbi rütbəsində xidmət edən Davit Manukyan ötən müddət ərzində
Azərbaycan Respublikasının Qarabağ ərazisində cinayət əməllərini davam etdirərək
qondarma “Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusu komandanının birinci müavini”
adı altında Azərbaycan Respublikasının ərazisində qanunsuz mütəşəkkil silahlı
birləşmələrin fəaliyyətinin təşkilində və idarə edilməsində, silah-sursat,
partlayıcı maddə və qurğularla təchiz edilməsində iştirak etmişdir.
Eyni
zamanda o, həmin terrorçu dəstələr vasitəsilə Azərbaycanda ictimai təhlükəsizliyi
pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq
təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə
insanların həlak olması, onların sağlamlığına, əmlakına ziyan vurulması və ya
başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış,
yanğın və ya digər hərəkətlərlə müşayiət olunan terror aktlarının törədilməsinin
təşkilində iştirak etmişdir.
Davit
Manukyan 27 sentyabr 2023-cü il tarixində saxlanılaraq təqsirləndirilən şəxs
qismində cinayət məsuliyyətinə cəlb edilmiş, məhkəmənin qərarı ilə barəsində həbs
qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri
davam etdirilir.