16:35
Qarabağ
ərazisində qanunsuz silahlı birləşmələr yaradaraq onların fəaliyyətini təşkil
edən şəxslər həbs edilmişlər
Azərbaycan
Respublikasının Qarabağ bölgəsində fəaliyyət göstərmiş qanunsuz silahlı
birləşmələrin ötən müddətdə törətdikləri terrorçuluq əməlləri ilə bağlı Dövlət
Təhlükəsizliyi Xidmətində cinayət işi davam etdirilir.
Araşdırmalar
zamanı Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki və İşxanyan Davit Rubeni
tərəfindən Azərbaycan Respublikası ərazisində müvafiq olaraq qondarma “Dağlıq
Qarabağ Respublikasının prezidentləri” və “prezidenti vəzifəsinin müvəqqəti
icraçısı” və digər adlar altında Azərbaycan Respublikasının qanunvericiliyi ilə
nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılması və fəaliyyətinin
təşkilinə, habelə idarələrə, təşkilatlara və ayrı-ayrı şəxslərə insanların
həlak olmasına və digər ağır nəticələrə səbəb olan basqınlar təşkil edən həmin
qanunsuz silahlı birləşmələrin silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi
texnika və əsgəri ləvazimatla təchiz edilməsinə, mütəşəkkil dəstə halında qanunsuz olaraq
odlu silah, onun komplekt hissələrinin, döyüş sursatı, partlayıcı qurğular əldə
edilməsinə, başqasına verilməsinə, saxlanılmasına, daşınmasına və gəzdirilməsinə,
pul vəsaitlərini və digər əmlakı tamamilə və
qismən, bilavasitə və dolayısı ilə həmin qanunsuz silahlı birləşmələrin terror
aktları törətməsi istiqamətində istifadə edəcəyini bilərək həmin
məqsədlə qəsdən toplamaq, ayırmaq və verməklə terrorçuluğun
maliyyələşdirilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Eləcə
də, qeyd olunan şəxslər tərəfindən terror aktlarının törədilməsi məqsədilə
Azərbaycan Respublikasının ərazisində həmin əməllərin törədilməsi üsulları,
odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan, zəhərli maddələrdən,
digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə hazırlığı
üzrə təlimlərin təşkil edilməsi, mütəşəkkil dəstə halında
odlu silahdan və silah qismində digər predmetlərdən istifadə etməklə milli ədavət və düşmənçilik niyyəti ilə təkrarən terrorçuluq,
yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında
vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən
qərarlar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması,
onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və
başqa ictimai təhlükəli nəticələrin baş verməsi ilə müşayiət olunan partlayış,
habelə əraziləri davamlı şəkildə minalama və digər hərəkətlər törədərək terror aktlarının təşkil edilməsinə əsaslı
şübhələr müəyyən edilmişdir.
Dövlət
Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanın
Xankəndi şəhərində anadan olmuş 1957-ci il təvəllüdlü Arkadi Qukasyan, həmin
şəhərdə anadan olmuş 1960-cı il təvəllüdlü Bako Sahakyan və Azərbaycanın
Xocavənd rayonunda anadan olmuş 1958-ci il təvəllüdlü Davit İşxanyan 3 oktyabr
2023-cü il tarixində saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1,
214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı
maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq), 214-1 (terrorçuluğu
maliyyələşdirmə), 214-3.2 (terrorçuluq məqsədi ilə təlimlər təşkil etmə), 228.3
(mütəşəkkil dəstə tərəfindən təkrar qanunsuz olaraq odlu silah, onun komplekt
hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama,
daşıma və gəzdirmə) və 279.3-cü (qanunvericiliklə
nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma və onların fəaliyyətində
iştirak etmə) maddələri ilə ittiham elan edilməklə cinayət məsuliyyətinə
cəlb edilmişlər.
Hazırda
cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.