12:45
Azərbaycan İnsan Orqanlarının Alverinə qarşı Konvensiyaya qoşulmuşdur
Oktyabrın
30-da Avropa Şurasının Strasburq şəhərində yerləşən mənzil qərargahında Azərbaycan
Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli
Nağıyev ilə təşkilatın Baş katibi xanım Mariya Peyçinoviç Buriç arasında görüş
keçirilmiş və Azərbaycan tərəfi Avropa Şurasının İnsan Orqanlarının Alverinə qarşı
Konvensiyasını imzalamışdır. Xanım
Baş katib Azərbaycanın bu konvensiyaya qoşulmasını çox vacib hadisə kimi
dəyərləndirmiş, uzun illərdir formalaşmış ikitərəfli münasibətlərə toxunaraq
əməkdaşlığın bundan sonra da uğurla davam etdirələcəyinə inamını ifadə
etmişdir.
General-polkovnik
Əli Nağıyev regionda təhlükəsizlik baxımından yaranmış mövcud vəziyyət barədə
məlumat verərək ölkəmizin hər zaman bölgədə davamlı sülhün bərqərar olmasında
maraqlı olduğunu vurğulamış, Azərbaycanın Qarabağ ərazisində yaşayan erməni
əsilli vətəndaşlarının əmin-amanlıq şəraitində yaşamasına Azərbaycan
hökumətinin hərtərəfli təminat verməsindən, onların hüquq və azadlıqlarının
qorunması üçün dövlətimizin gördüyü işlərdən, regionda rifahın, əsaslı və
etibarlı sabitliyin təmin olunması naminə Azərbaycanın göstərdiyi səylərdən, Ermənistanla
münasibətlərin normallaşdırılmasının və tezliklə sülh müqaviləsinin
imzalanmasının vacibliyindən ətraflı söhbət açmışdır.
Baş
katib Mariya Peyçinoviç Buriç Avropa Şurasının Cənubi Qafqazda hər zaman sülhün
qorunub saxlanılmasına önəm verdiyini və təşkilatın bu prosesə lazımi dəstək
göstərə biləcəyini qeyd etmişdir.
Söhbət
əsnasında Ermənistanın Azərbaycan vətəndaşlarına qarşı həyata keçirdiyi etnik təmizləmə və mina terroru barədə danışan
Xidmət rəisi Əli Nağıyev Avropa Şurasının Baş katibinin təşkilatın əhatə etdiyi
ölkələrdə yaşayan şəxslərin Avropa İnsan Hüquqları Konvensiyasında təsbit
olunmuş bütün hüquq və azadlıqlarından tam istifadə etmək hüququna malik olması
fikrinə münasibət bildirərək, qeyd olunan beynəlxalq hüquqi sənədin müddəalarının
Azərbaycanın xeyli zaman ərzində qaçqın və məcburi köçkün halında yaşamış,
itkin düşmüş, əsir-girov götürülmüş, həmçinin Ermənistan tərəfindən basdırılmış
minalardan sağlamlıqlarını itirmiş vətəndaşlarının hüquqlarının müdafiəsi
məsələsində də tətbiq olunacağına ümidvar olduğunu demişdir.
Görüşdə
qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi
aparılmışdır.