13:40
Madat Babayanın Xocalı soyqırımı ilə bağlı verdiyi məlumatlar üzrə araşdırmalar aparılır
Qanunsuz
erməni silahlı birləşmələrinin Azərbaycan Respublikasının ərazilərində törətdikləri
terrorçuluq və digər ağır cinayətlərlə bağlı araşdırmalar davam etdirilir.
2023-cü
ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirləri
nəticəsində qanunsuz silahlı birləşmələrə daxil olmaqla “AKM” avtomatı ilə silahlanıb,
mütəşəkkil dəstə halında milli ədavət və düşmənçilik niyyəti ilə terrorçuluq
əməlləri törətməkdə şübhəli bilinən Babayan Madat Arakeli Kəlbəcər rayonunun
Qozlukörpü kəndi ərazisində tərk-silah edilərək saxlanılmışdır.
İstintaq
zamanı təqsirləndirilən şəxs Madat Babayan ifadəsində digər xüsusatlarla yanaşı
həmçinin bildirmişdir ki, 1992-ci ilin fevral
ayında Xocalı faciəsinin törədilməsində iştirakçı olmuş, 24 fevral 1992-ci il
tarixində “Xolostoy” ləqəbli Ermənistan silahlı qüvvələrinin polkovnik-leytenantı
Arkadi Şirinyanın rəhbərliyi altında Kəlbəcər rayonunun Çapar, Qozlu və Qozlukörpü
kəndlərinin sakinlərindən ibarət erməni silahlı birləşmələrinin tərkibində Kəlbəcərin
Yayıcı, Heyvalı və Zəylik kəndlərindən gələn digər erməni silahlıları ilə Xocalı
rayonunun Təzəbinə kəndində birləşərək azərbaycanlı əhalini məhv etmək
məqsədilə qabaqcadan qurulmuş plana uyğun olaraq, 25 fevral 1992-ci il tarixində
gecə saat 23:00 radələrində Xankəndi şəhərindən Xocalı şəhəri istiqamətində
edilən hücum zamanı xilas olmaq üçün Əsgəran rayonuna tərəf qaçmaq istəyən, əksəriyyəti
qadın, uşaq və qocalar olmuş 150 nəfərdən çox əliyalın şəxsdən ibarət mülki
əhalini həmin ərazidə pusquya salaraq avtomat silahlarından atəş açmaqla qətlə
yetirmişlər.
Eyni
zamanda, Madat Babayan 26 fevral 1992-ci il tarixində azərbaycanlıların
meyitlərini yığdıqları zaman Vamik Petrosyan, Şirin Şirinyan və digər dəstə
üzvləri tərəfindən meyitlər üzərində təhqiredici hərəkətlərin törədilməsini,
bundan başqa 100-dən çox mülki Xocalı sakininin əsir düşdüyünü müşahidə
etmişdir.
Madat
Babayan 1992-ci il fevralın 26-da Xocalıda olan erməni silahlıları ilə birlikdə
şəhərdə azərbaycanlılara məxsus olan əmlakların talan edilməsi və törədilən kütləvi
insan qırğını faktlarının gizlədilməsini təmin etmək üçün Xankəndi
istiqamətində Xocalı-Ballıca-Xankəndi yolayrıcında silahlı post qurduqlarını, üç
gün sonra isə bu postda xidmət apardığı vaxt Xocalıda qətlə yetirilən
azərbaycanlıların meyitlərinin üç yük avtomobilində gətirildiyini, həmin
postdan təxminən 400 metr məsafədə Qarqar çayının sol sahilində qazılan əraziyə
tökülərək kütləvi basdırıldığını qeyd etmiş, eləcə də 1992-ci ilin fevral-mart
aylarında Xocalıda törədilən talanlar barədə məlumat vermişdir.
İfadənin
yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilərkən, Madat Babayan mülki
əhaliyə qarşı cinayət əməllərinin törədildiyi yerləri əyani şəkildə göstərərək
bu barədə ətraflı məlumat təqdim etmişdir.
Bundan
əlavə Madat Babayan, əsir götürülmüş və qanunsuz olaraq Qozlukörpü kənd
məktəbində saxlanılmış, amansız rəftar və işgəncələr nəticəsində ölmüş
azərbaycanlıların meyitlərini Qozlukörpü kəndində şəxsən dəfn etdiyi yerləri də
göstərmişdir.
Hazırda
qeyd olunan və digər əlaqəli cinayətlərlə bağlı kompleks araşdırmalar aparılır.