15:00
ATƏT PA-nın prezidenti ilə DTX-də görüş keçirilmişdir
Noyabrın 14-də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev ATƏT Parlament Assambleyasının prezidenti xanım Pia Kaumanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Qarabağda aparılmış hərbi əməliyyatlardan sonra Cənubi Qafqaz regionunda hökm sürən hazırkı durum, Qarabağ ərazisində insanların təhlükəsiz şəkildə yaşamasının təmin edilməsi, həmin bölgənin yüksək həddə minalarla çirkləndirilməsinin doğurduğu fəsadlar və münaqişə nəticəsində itkin düşmüş, əsir-girov götürülmüş şəxslərin taleyinin qeyri-müəyyənliyi əsas müzakirə mövzusu olmuşdur.
Komissiya
sədri Əli Nağıyev hazırda dövlətimizin işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı
yenidənqurma işlərini apardığını, lakin sözügedən ərazilərin əhəmiyyətli hissəsinin
Ermənistan tərəfindən minalanmasının və dəfələrlə danışıqların mövzusu olmasına
baxmayaraq, Azərbaycan tərəfinə mina xəritələrinin verilməməsinin və ya
minaların yerlərinin qeyri-dəqiq təqdim olunmasının bərpa-quruculuq prosesinin
sürətlə reallaşdırılmasına ciddi maneə törətdiyini qeyd etmişdir. Mina terroru qurbanlarının
hər ötən gün daha da artdığı nəzərə alınaraq digər beynəlxalq təşkilatlarla
yanaşı, ATƏT-in də Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməsinin
zəruriliyi vurğulanmışdır.
Ermənistanın
Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz və etnik təmizləmə siyasəti nəticəsində
4000-ə yaxın vətəndaşımızın itkin düşməsi məsələsinə toxunan Əli Nağıyev
bildirmişdir ki, torpaqlarımızın işğaldan azad olunması onların axtarışını
asanlaşdırsa da, lakin bununla belə xeyli sayda soydaşımızın taleyinə aydınlıq
gətirmək hələ də mümkün olmamışdır. Ermənistan bu istiqamətdə də
qeyri-konstruktivlik nümayiş etdirərək azərbaycanlıların kütləvi basdırıldığı məzarlıqların
yerlərinin tapılması sahəsində əməkdaşlıq etməkdən müxtəlif bəhanələrlə boyun
qaçırır.
Dövlət
Komissiyasının sədri Əli Nağıyev bütün bunlara baxmayaraq, Azərbaycanın bölgədə
davamlı sülhün və sabitliyin bərqərar olması üçün səylərini əsirgəmədiyini, daima
qonşuluq və dinc yanaşı yaşama prinsiplərini üstün tutaraq Qarabağda yaşayan
erməni əsilli şəxslərin təhlükəsizliyinə hərtərəfli təminat və zəmanət
verdiyini, Ermənistanla münasibətlərin normallaşdırılmasının və sülh müqaviləsinin
imzalanmasının vacib olduğunu demişdir.
Söhbət
zamanı regionda dayanıqlı sülhün yaranmasına əlverişli imkanın mövcud olduğu
bir vaxtda bəzi dövlətlərin bölgədə vəziyyəti yenidən gərginləşdirmək məqsədilə
Ermənistanı silahlandırmasının qəbuledilməzliyi, belə halların yenidən müharibənin
alovlanmasına səbəb olacağı qonağın diqqətinə çatdırılmışdır.
ATƏT
Parlament Assambleyasının prezidenti xanım Pia Kauma isə öz növbəsində təmsil
etdiyi təşkilatın Azərbaycanla Ermənistan arasında etimad quruculuğu prosesinə
lazımi dəstək verə biləcəyini və bölgənin gələcək təhlükəsizliyi ilə bağlı öz
mövqeyini bildirmişdir.
Görüşdə
qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur.