14:15
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Dövlət Təhlükəsizliyi Xidmətinin yeni inzibati binalarının açılışında iştirak
edib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
general-polkovnik Əli Nağıyev Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə
raport verdi.
Dövlətimizin başçısına məlumat verildi ki, inşasına
2021-ci ilin martında başlanmış inzibati binaların tikintisi bu ilin avqustunda
yekunlaşıb. İnşaat işləri müasir standartlara uyğun aparılıb, binalar bütün zəruri
avadanlıq və inventarlarla təmin olunub, burada əməkdaşların öz xidməti fəaliyyətlərini
səmərəli həyata keçirmələri üçün hər cür şərait yaradılıb.
Əvvəlcə foyedə quraşdırılmış monitorda son illər ərzində
Dövlət Təhlükəsizliyi Xidmətinin mərkəzi aparatında və ərazi orqanlarında
aparılan əsaslı tikinti-quruculuq işlərindən bəhs edən videoçarx nümayiş
olunub.
Bildirildi ki, binanın giriş hissəsində Ümummilli Lider,
Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, bu orqanların inkişafında
müstəsna xidmətləri olan Heydər Əliyevin barelyefi qoyulub, Ulu Öndərin arxiv sənədlərinin
nümayiş olunduğu guşə və dahi şəxsiyyətin mənalı ömrünün 25 ilini həsr etdiyi təhlükəsizlik
orqanlarındakı fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət stend yaradılıb.
Sonra dövlətimizin başçısı xarici xüsusi xidmət
orqanları ilə qurulan tərəfdaşlıq münasibətlərinin səviyyəsini və tarixini
simvolizə edən muzeydə sərgilənən eksponatlara baxıb.
Qeyd edildi ki, binada Dövlət Təhlükəsizliyi Xidmətinin
mərkəzi aparatının bəzi struktur bölmələrinin yerləşdirilməsi nəzərdə tutulur.
Bina iş və iclas otaqlarından, rəhbər və şəxsi heyət üçün iki mərtəbəli yeməkxanadan
ibarətdir.
Ölkə başçısı xidməti otaqlarla və burada əməkdaşlar
üçün yaradılan şəraitlə yaxından tanış olub.
Ali Baş Komandan İlham Əliyev Dövlət Təhlükəsizliyi
Xidmətinin xüsusi təyinatlı dəstəsinin istifadə etdiyi xüsusi vasitələrə,
silahlara, avadanlıqlara, dron cihazlarına və xüsusi təyinatlı avtomobillərə də
baxış keçirib.
Həmçinin Azərbaycan Prezidentinə digər inzibati
binada yerləşən və ən son texnoloji yenilikləri özündə birləşdirən kriminalistika,
əməliyyat və şəbəkə idarəetmə mərkəzləri təqdim olunub, cinayət işlərinin təhqiqatı
və müvafiq əməliyyat tədbirlərinin həyata keçirilməsi istiqamətində bu mərkəzlərin
imkanları barədə məruzə edilib.
Prezident İlham Əliyev şəxsi heyətin fiziki
hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış və müasir idman
avadanlıqları ilə təchiz olunmuş mərkəzlə də yaxından tanış olub.
Sonda Prezident İlham Əliyev şəxsi heyətə xidməti fəaliyyətlərində
uğurlar arzulayıb, əməkdaşların öz vəzifələrini bundan sonra da layiqincə yerinə
yetirəcəklərinə inamını ifadə edib.