15:45
Azərbaycan və Ermənistan tərəfində saxlanılan hərbçilər qarşılıqlı şəkildə azad edilmişlər
Məlumat
verildiyi kimi, 7 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası
Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı
arasında aparılmış
danışıqların nəticəsində humanizm prinsipləri rəhbər tutularaq və qarşılıqlı
etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən
2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olunmuşdur.
Azərbaycan
tərəfində saxlanılan erməni hərbçilərinin Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən
sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş hesab edildikdən sonra müvafiq
razılaşmaya əsasən, 13 dekabr 2023-cü il tarixində Azərbaycan-Ermənistan sərhədinin Qazax
rayonundan keçən hissəsində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil
verilməsi həyata keçirilmişdir.
Təhvilvermə
prosesində hər hansı insident baş verməmişdir.