12:05
Azərbaycan ərazisində adam oğurluğu ilə məşğul olan Pakistan vətəndaşı müəyyən edilərək saxlanılmışdır
Azərbaycan
Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən transmilli mütəşəkkil
cinayətkarlığa və qanunsuz miqrasiyaya qarşı həyata keçirilən mübarizə
tədbirləri çərçivəsində Pakistan İslam Respublikasının vətəndaşları olan Ullah
Naeem Xan Navvab və qeyrilərinin ölkə ərazisində adam oğurluğu ilə məşğul olmalarına
dair məlumat əldə edilmişdir.
Araşdırmalar
zamanı müəyyən olunmuşdur ki, Pakistan vətəndaşı, 1992-ci
il təvəllüdlü Ullah Naeem Xan Navvab digərləri ilə cinayət əlaqəsinə girib
qabaqcadan sövdələşməklə, həmin ölkənin vətəndaşı Şeraz Muhammad Afzal Muhammadı
Kanada dövlətinə getməsi üçün vizasının təsdiq edilməsi adı altında aldadaraq Azərbaycan
Respublikasına gəlməsinə nail olmuş, mütəşəkkil cinayətkar dəstə üzvlərinin əvvəlcədən
əldə etdikləri razılıq əsasında kirayəyə götürdükləri Qəbələ rayonunun Vəndam
qəsəbəsində yerləşən evə aparmış, qollarını və ayaqlarını bağlayaraq orada saxlamış
və azad edilməsi müqabilində onun Pakistan
İslam Respublikasında olan yaxın qohumlarından külli miqdarda pul vəsaiti
tələb etmişdir.
Dövlət
Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış
tədbirləri nəticəsində qeyd olunan cinayət əməllərini törədən şəxslər Qəbələ
rayonunun Vəndam qəsəbəsindəki evdə cinayət başında saxlanılmış, Şeraz Muhammad
Afzal Muhammad isə azad edilmişdir.
Həbs
olunmuş Ullah Naeem Xan Navvab və digərləri barəsində Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 144.2.3 və 144.2.6-cı (qabaqcadan əlbir olan bir qrup şəxs
halında tamah məqsədi ilə adam oğurluğu) maddələri ilə cinayət işi
başlanılmışdır.