10:25
İtkin düşmüş şəxslər mövzusuna həsr edilmiş növbəti beynəlxalq konfrans keçirilmişdir
Oktyabrın 2-də Azərbaycan Respublikası Əsir və
itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (Dövlət
Komissiyası) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə
“İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin “həqiqəti
bilmək” hüququnun dəstəklənməsi” mövzusunda növbəti beynəlxalq konfrans keçirilmişdir. Tədbirdə itkin düşmüş şəxslər və insan hüquqları üzrə beynəlxalq təsisatların
nümayəndələri və ekspertləri, xarici ölkələrin müvafiq sahədə fəaliyyət göstərən
qurumlarının əməkdaşları, itkin şəxslərin ailə üzvləri iştirak etmişlər.
Əvvəlcə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunmuş, daha
sonra tədbirin mövzusuna aid qısametrajlı film nümayiş etdirilmişdir.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Dövlət
Komissiyasının sədri Əli Nağıyev çıxış edərək qonaqları səmimiyyətlə
salamlamış, belə bir həssas məsələyə dair ötən ilin sentyabr ayında təşkil edilmiş
beynəlxalq konfransdan sonra builki tədbirin keçirilməsinin itkin düşmüş şəxslər
probleminin həlli istiqamətində görülən işlərə mühüm töhfə verəcəyinə ümidvar
olduğunu demiş, ailələrin öz itkin düşmüş yaxınları barədə məlumatları almaq
hüququnun beynəlxalq səviyyədə dəstəklənməsinin vacibliyini qeyd etmişdir. Xidmət
rəisi hazırda Dövlət Komissiyasında 3979 nəfərin itkin düşmüş şəxs kimi
qeydiyyata alındığını, indiyədək işğaldan azad olunmuş ərazilərdə 18 kütləvi məzarlığın
aşkarlandığını, bununla yanaşı Birinci Qarabağ müharibəsində itkin düşmüşlərdən
155 nəfərinin şəxsiyyətinin eyniləşdirildiyini, cari ilin sentyabr ayında görülmüş
təxirəsalınmaz tədbirlər nəticəsində Ağdərə rayonunun Sırxavənd kəndində
Birinci Qarabağ müharibəsində itkin düşmüş daha 15-ə yaxın şəxsə aid meyit
qalıqlarının müəyyən edildiyini nəzərə çatdırmışdır.
Dövlət Komissiyasının sədri vaxtilə Azərbaycanın
Qarabağ ərazisində mövcud olmuş separatçı rejimin Vətən müharibəsi bitdiyi
vaxtdan 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş antiterror əməliyyatınadək
olan müddət ərzində bir neçə kütləvi məzarlığı məqsədyönlü şəkildə məhv etməsinin
və Ermənistan tərəfinin həmin məzarlıqlar barədə məlumatları verməməsinin beynəlxalq
hüquqa, həmçinin uzun illərdir yaxınlarının yolunu gözləyən itkin ailələrinə və
bütövlükdə insanlığa açıq-aşkar hörmətsizlik olduğunu bildirmişdir. Sonuncu
qeyd olunan halın Xocavənd rayonunun Qaradağlı kəndi, Xocalı rayonunun Dəhraz kəndi
və Ağdərə rayonunun Sırxavənd kəndindəki məzar yerlərində müşahidə etməyin mümkün
olduğu diqqətə çatdırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin itkin vətəndaşların taleyinin aydınlaşdırılmasını Dövlət
Komissiyasının qarşısında ən ümdə vəzifə kimi qoyduğunu və ölkə başçısının bu məsələni
daim xüsusi nəzarətdə saxladığını bildirən Xidmət rəisi Əli Nağıyev vurğulamışdır
ki, itkin düşmüş şəxslər problemi təkcə ayrı-ayrı dövlətləri deyil, o cümlədən beynəlxalq
təşkilatları və beynəlxalq siyasi dairələri ciddi şəkildə düşündürməlidir.
Sonra digər
çıxışçılar itkin şəxslərin taleyinə aydınlıq gətirilməsi ilə bağlı təmsil etdikləri
təsisatlar tərəfindən ötən zamanda görülən işlər və qarşıda duran vəzifələr haqda
ətraflı məlumat vermiş, itkin düşmüş şəxslərin tapılması yönündə birgə səylərin
bundan sonra da davam etdiriləcəyinə, konfransda səslənəcək fikirlərin, irəli
sürüləcək təkliflərin və aparılacaq fikir mübadilələrinin itkinlər probleminin
həlli üçün yeni üfüqlər açacağına inamlarını ifadə etmişlər.
Tədbir mövzu ətrafında panel sessiyalarla davam
etmişdir.