15:20
MDB-yə
üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü
keçirilmişdir.
Oktyabrın 4-də Qazaxıstan Respublikasının paytaxtı
Astana şəhərində MDB-yə üzv ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanları
rəhbərləri Şurasının 55-ci iclası keçirilmiş və Azərbaycan Respublikası Dövlət
Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev tədbirdə iştirak
etmişdir.
Öncə nümayəndə heyətlərinin rəhbərləri Qazaxıstan
Respublikasının Prezidenti Kasım-Jomart Tokayev tərəfindən qəbul edilmişlər.
Daha sonra Şuranın iclası öz işinə başlamışdır.
İclas çərçivəsində MDB ölkələrinin təhlükəsizliyinin
məruz qaldığı xarici təsirlər, təşkilata üzv dövlətlərin üzləşdikləri
təhdidlər, xüsusən də beynəlxalq terrorçuluğa və dini ekstremizmə qarşı
aparılan birgə mübarizənin səmərəliliyinin artırılması barədə çıxışlar edilmiş
və ətraflı fikir mübadiləsi aparılmışdır. Bildirilmişdir ki, MDB məkanında
yerləşən respublikaların təhlükəsizliyinə yönələn müasir çağırışlar, regionda sabitliyin
pozulmasını qarşılarına məqsəd kimi qoymuş və bölgədə ümumi vəziyyətin gərgin
saxlanılmasında maraqlı olan bəzi xarici dairələrinin kəşfiyyat-pozuculuq
əməlləri ilə müşayiət edilən destruktiv fəaliyyət Birlik dövlətlərinin xüsusi
xidmət orqanlarının daim ayıq-sayıq olmasını, səyləri birləşdirərək koordinasiyalı
şəkildə işləməsini, əməkdaşlığın davamlı gücləndirilməsini, qazanılmış
təcrübənin və əldə olunan əməliyyat məlumatlarının tərəfdaş qurumlar arasında mütəmadi
bölüşülməsini zəruri edir.
Həmçinin qeyd olunmuşdur ki, təhlükəsizliyin təminatını
ciddi risk altına alan transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin
qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, qeyri-qanuni miqrasiya kimi məsələlərin
son zamanlar özünü daha qabarıq göstərməsi MDB ölkələrinin xüsusi xidmət
orqanlarının bu hallara qarşı getdikcə daha kəsərli addımlar atmalı olduğunu
şərtləndirir.
Tədbirin gedişatında mənfi
təzahürlərlə mübarizədə təhlükəsizlik təşkilatlarının qarşısında duran mühüm
vəzifələr və gələcəkdə həyata keçirilməsi vacib olan tədbirlərə dair geniş
müzakirələr aparılmışdır.