13:45
Diplomatik statusdan istifadə edilməklə xarici ölkədə törədilmiş qaçaqmalçılıqla bağlı cinayət işi başlanılmışdır.
Azərbaycan
Respublikası vətəndaşlarının digər ölkə vətəndaşları ilə əlbir olaraq xarici
dövlətlər arasında qaçaqmalçılıq cinayətlərinin törədilməsində iştirak etmələri
faktı ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi
üzrə cinayət təqibi həyata keçirilir.
Araşdırmalar
zamanı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Amerika Birləşmiş
Ştatlarındakı hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət edən polkovnik-leytenant
Məmmədov Qəhraman Şamil oğlunun digər Azərbaycan
Respublikasının vətəndaşı Qasımov Anar
Əli oğlu və xarici ölkə vətəndaşları ilə sövdələşərək qabaqcadan əlbir
olan bir qrup şəxs halında Birləşmiş Ərəb Əmirliklərindən Türkiyə
Respublikasına daşınan xüsusilə külli miqdarda qızıl külçələrin qaçaqmalçılıq
yolu ilə gömrük sərhədindən keçirilməsində iştirak etməsinə əsaslı şübhələr müəyyən
edilmişdir.
Belə
ki, diplomatik statusa malik vəzifə tutan Qəhraman Məmmədov başqaları ilə
qabaqcadan əldə edilmiş razılığa əsasən, 22 noyabr 2024-cü il tarixində Amerika
Birləşmiş Ştatlarından Türkiyə Respublikasına gəlmiş, həmin gün Anar Qasımov
tərəfindən Birləşmiş Ərəb Əmirliklərindən gətirilərək İstanbul
Beynəlxalq Hava Limanında gömrük nəzarətindən kənarda yerləşən saxlanc
yerinə qoyulmuş, içərisində xüsusilə külli miqdarda qızıl külçələrin olduğu çantanı
götürmüşdür. O, diplomatik heyət üzvləri üçün nəzərdə tutulmuş imtiyaz və
immunitetləri təsdiq edən diplomatik pasportdan və vəzifə səlahiyyətlərindən
qulluq mənafeyinin qəsdən ziddinə istifadə etməklə, həmin hava limanında qızıl
külçələri gömrük sərhədindən bəyan etmədən keçirmişdir. Daha sonra Qəhraman
Məmmədov bu qızıl külçələri Anar Qasımova təhvil vermək üçün taksi ilə İstanbul
şəhərindəki hotellərdən biri istiqamətində hərəkət edərkən Türkiyə
hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmışdır. Onun daşıdığı
çantaya keçirilmiş baxış zamanı içərisində 10.220.900 (on milyon iki yüz iyirmi
min doqquz yüz) manat dəyərində olan 70 kiloqram çəkidə qızıl külçələr aşkar
edilərək götürülmüşdür.
Araşdırmalar
nəticəsində hava limanındakı qeyd olunan saxlanc yerində içərisində 14 kiloqram
qızıl külçələrin olduğu və gömrük sərhədindən keçməmiş daha bir çanta aşkar
edilmişdir.
Həmçinin,
qaçaqmalçılıq cinayətində iştirakına əsaslı şübhələr müəyyən edilmiş Anar
Qasımov Türkiyə Respublikasında saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunmuşdur.
Qəhraman Məmmədov Dövlət
Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Cinayət Məcəlləsinin 12.1,
206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından
kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən
istifadə edilməklə qaçaqmalçılıq) və 12.1-1,
341.1-ci (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından
kənarda vəzifə
səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət məsuliyyətinə
cəlb edilmiş, Bakı Hərbi Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri
seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.