10:25
Terrorçu qruplaşma zərərsizləşdirilmişdir.
Azərbaycan
Respublikası ərazisində beynəlxalq terror təşkilatları ilə əlaqəli olan radikal
dini-ekstremist qruplaşma üzvlərinin terror-təxribat əməllərinin müəyyən edilməsi
və qanunazidd fəaliyyətlərinin qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi
Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən birgə kompleks tədbirlər
görülmüşdür.
Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri
ilə əvvəllər “Meşə qardaşları" adlı terror qruplaşmasının fəaliyyətində iştirak
etdiyinə görə məhkum olunmuş Qədir Hacıyevin Qusar rayon sakinləri - Kamran Kərimxanov,
Ümüd Güləliyev, Valerik Adilov, Riyad Səfərəliyev, Rövşən Laçınov, Nazim Zəkiyev
və qeyriləri ilə cinayət əlaqəsinə girməsi, onların birlikdə Qusar rayonu ərazisində
terror aktları hazırlamaları, həmin rayonun Hil, Cibir və Yasab kəndlərini əhatə
edən meşə massivində yeraltı
sığınacaqlar yaratmaları, bu sığınacaqları silah-sursat, partlayıcı maddələr,
texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmələri təsbit olunmuşdur.
İlkin mərhələdə, qruplaşma üzvü olan Əlipaşa Kamilovun
yeri müəyyən edildikdən sonra istintaqa cəlb edilməsi məqsədilə keçirilmiş əməliyyat
zamanı o, Qusar şəhərində gizləndiyi ünvanda xüsusi təyinatlı əməkdaşlara silahlı
müqavimət göstərərək 2 ədəd “RGO-78” markalı əl qumbarası atmış, nəticədə
xüsusi təyinatlılardan biri yaralanmış, Əlipaşa Kamilov isə zərərsizləşdirilmişdir.
Davam etdirilən əməliyyat-axtarış
və istintaq tədbirləri nəticəsində Cibir kəndi yaxınlığında yerləşən meşəlik ərazidə
gizli şəkildə yaradılmış sığınacaqlar və saxlanc yerləri aşkar olunmuş, həmin yerlərdə
gizlənən qanunsuz silahlı birləşmənin üzvləri - Qədir Hacıyev, Riyad Səfərəliyev,
Valerik Adilov və Ümüd Güləliyev silahlı müqavimət göstərərək partlayıcı vasitələri
işə salarkən məhv olmuşlar.
Aşkar edilmiş
sığınacaqlara keçirilən baxış zamanı oradan partlayıcı qurğuların hazırlanması
üçün nəzərdə tutulan torf, aseton, detonatorlar, məsafədən idarə edilə bilən
partlayıcı mexanizmlər, qəlpə qismində istifadə edilən armatur və qurğuşun hissələri,
2 ədəd “Kalaşnikov” avtomatı, 3 ədəd ov tüfəngi, patronlar və avtomat güllələri,
eləcə də beynəlxalq səviyyədə terror təşkilat kimi tanınmış qanunsuz silahlı
birləşmənin simvolu olan bayraq müəyyən edilərək götürülmüşdür.
Həmçinin, görülmüş təxirəsalınmaz tədbirlərlə
terrorçu qruplaşmanın üzvlərindən olan Nazim Zəkiyevin Hil kəndinin
yaxınlığında yerləşən fermada, Kamran Kərimxanov və Rövşən Laçınovun isə Hil kəndi
ərazisində gizlənmələri müəyyənləşdirilmiş və onlar hüquq-mühafizə orqanlarının
əməkdaşlarına qarşı silahlı müqavimət göstərərkən zərərsizləşdirilmişlər.
Araşdırmalarla cinayətkar birliyə daxil olan
şəxslərin dairəsi, təşkilatlanma forması, təchizatı, planları ilə bağlı
detallar və dəlillər müəyyən edilmişdir.
Qanunsuz olaraq
amonium-nitrat, güclü yandırıcı xüsusiyyətə malik torf, detonatorlar və od ötürən
qaytanlar əldə edib onlardan istifadə etməklə kustar üsulla partlayıcı qurğular
hazırlayan və onları Qusar şəhərində yerləşən “Motel” adlı qonaq evində və onun
yaxınlığındakı avtoyuma məntəqəsinin damında gizlədərək saxlayan Etibar Əhmədov
qeyd olunan əməlləri davam etdirərkən həmin qurğuların partlaması nəticəsində xəsarət
almışdır.
Habelə, Qusar rayon sakinləri olan Şərafəddin
Mahmudov, Etibar Əhmədov və qeyrilərinin Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində
iştiraklarına, o cümlədən bu silahlı birləşməni partlayıcı maddələrlə və digər
ləvazimatlarla təchiz etmələrinə əsaslı şübhələr müəyyən edilmişdir.
Qeyd olunan cinayətkar dəstənin üzvləri - Etibar
Əhmədov, Rəhim Mirzəbəyov, David Rəşidov, Şərafəddin Mahmudov, Abugül Babayev və
Elçin Əlirzayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1,
28,214.2.3, 28,214.2.6-cı (cinayətkar birlik (cinayətkar təşkilat) halında odlu
silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə dini
düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində terrorçuluğa hazırlıq)
və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs
qismində məsuliyyətə cəlb edilərək, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan
tədbiri seçilmişdir.
Hazırda cinayət işləri üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.