17:35
DTX-nin rəisi İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru ilə görüşmüşdür.
Martın 10-da Dövlət Təhlükəsizliyi Xidmətinin
rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət
Komissiyasının sədri Əli Nağıyev İtkin düşmüş
şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru xanım Katrin Bombergeri qəbul
etmişdir.
Tərəflər 2022-ci ilin aprel ayında baş tutmuş görüşdən
sonra Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş vətəndaşlarımızın tapılması
məqsədilə həyata keçirilən birgə fəaliyyəti müsbət dəyərləndirmişlər.
Dövlət Komissiyasının sədri Əli Nağıyev Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində
saxladığı itkin soydaşlarımızın axtarışı məsələsi ilə bağlı Komissiyanın
qarşısında qoyduğu vəzifələrin icrası yönündə davam etdirilən təxirəsalınmaz tədbirlərdən,
Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərə aid məzar yerlərinin müəyyən
edilərək ekshumasiyası və tapılmış meyit qalıqlarının eyniləşdirilməsi
istiqamətində görülən işlərdən ətraflı bəhs etmişdir. Xidmət rəisi, eyni zamanda
itkin şəxslərin taleyinin aydınlaşdırılması sahəsində Ermənistanın əməkdaşlıq
etmək niyyətində olmadığını və hələ də qeyri-konstruktiv mövqe sərgilədiyini
bildirmişdir.
Komissiya sədri Əli Nağıyev Beynəlxalq Komissiyanın
Qiymətləndirmə missiyası tərəfindən tərtib edilərək Azərbaycan tərəfinə təqdim
olunmuş itkin düşmüş şəxslərin axtarışı imkanlarını özündə əks etdirən hesabat
barədə də fikirlərini çatdırmış, sözügedən təşkilatın Dövlət Komissiyasının
işinə göstərdiyi dəstəyə görə minnətdarlıq etmişdir.
Xanım Katrin
Bomberger isə rəhbəri olduğu Beynəlxalq Komissiyanın hazırladığı hesabat sənədinin
əhəmiyyətinə toxunmuş, Dövlət Komissiyası ilə qarşılıqlı fəaliyyət çərçivəsində
mühüm işlərin görüldüyünü və komissiyalararası münasibətlərin gələcək
inkişafına birgə səylərlə önəmli töhfələr veriləcəyinə dərin inamını ifadə
etmişdir.
Görüşdə, həmçinin
itkin şəxslərin taleyinə tezliklə aydınlıq gətirilməsi ilə bağlı ümumi maraq kəsb
edən digər məsələlər də geniş müzakirə olunmuşdur.