12:45
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə aid videomateriallar yaymış şəxs istintaqa cəlb edilmişdir.
17 mart 2025-ci ildə sosial şəbəkələrin xarici seqmentində Azərbaycan
Respublikasının dövlət sərhədində guya hərbi əməliyyatlar keçirilməsi ilə bağlı
tədbirlərin görüldüyü iddia olunmaqla, Azərbaycan Ordusuna məxsus hərbi
texnikanın hərəkəti barədə videogörüntülər yayılmışdır.
Faktla əlaqədar, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində
cinayət işi başlanılmış, aparılmış ilkin araşdırmalar nəticəsində yayımlanmış
videokadrların 27 fevral 2025-ci il tarixinə aid olduğu təsbit edilmişdir.
Müəyyənləşdirilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşı, 2007-ci
il təvəllüdlü Rüstəmov Səməd Bəhman oğlu 27 fevral 2025-ci ildə Gədəbəy rayonu ərazisində
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın hərəkətinin
videoçəkilişini aparmış və qanunla yayılması qadağan olunan bu videomaterialı 15
mart 2025-ci ildə özünün “TikTok” sosial şəbəkəsindəki səhifəsində
paylaşmışdır. Bundan sonra, həmin videogörüntülərə
sosial şəbəkələrdə fərqli dövrlərə aid videokadrlar əlavə edilməklə, həqiqəti əks
etdirməyən müxtəlif xəbərlərin istinad mənbəyi olaraq nümayiş etdirildiyi müəyyən
olunmuşdur.
Görülən təxirəsalınmaz tədbirlərlə Səməd Rüstəmov saxlanılaraq
istintaqa cəlb olunmuş, həmin videogörüntüləri çəkdiyi mobil telefon maddi
sübut kimi götürülmüşdür.
Bir daha bildirilir ki, Azərbaycan Ordusunun hərbi birləşmələri,
onların dislokasiyası, yerdəyişmələri, döyüş və səfərbərlik hazırlığı,
silahları, hərbi texnikası ilə bağlı videokadrların çəkilib internet
informasiya ehtiyatında, o cümlədən sosial şəbəkələr vasitəsilə yayımlanması
cinayət məsuliyyəti yaradır və belə əməllərə yol verən şəxslər barəsində
qanunvericiliklə nəzərdə tutulmuş hüquqi tədbirlərin görülməsi təmin ediləcəkdir.