16:00
DTX-də Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı qeyd olunmuşdur.
Ümummilli Lider Heydər Əliyevin 23 mart 1997-ci il
tarixli Sərəncamı ilə 28 mart tarixi Azərbaycan təhlükəsizlik orqanları
əməkdaşlarının peşə bayramı günü kimi təsis olunmuşdur.
Azərbaycan təhlükəsizlik orqanlarının
yaradılmasının 106-cı ildönümü ilə əlaqədar, aprelin 2-si Dövlət Təhlükəsizliyi
Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri
xiyabanda Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ulu Öndər Heydər
Əliyevin məzarını ziyarət etmiş, dahi şəxsiyyətin əziz xatirəsinə dərin
ehtiramlarını bildirərək, məzarı önünə əklil və gül dəstələri qoymuşlar.
Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın da
xatirəsi anılmış, məzarı üzərinə gül dəstələri düzülmüşdür.
Daha sonra Şəhidlər xiyabanında respublikamızın
müstəqilliyi yolunda canlarından keçmiş şəhidlərimizin və Azərbaycanın Milli
Qəhrəmanları olan təhlükəsizlik orqanlarının mərhum əməkdaşlarının məzarları
ziyarət olunmuş, Xidmətin adından “Əbədi məşəl” abidəsinin önünə əklil
qoyulmuşdur.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) akt zalında
Xidmətin şəxsi heyətinin və veteranlarının iştirakı ilə təşkil olunmuş tədbirdə
öncə, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş
şəhidlərimizin xatirəsi yad olunmuş və ardınca Dövlət Himni səsləndirilmişdir.
DTX-nin rəisi general-polkovnik Əli Nağıyev çıxış
edərək, peşə bayramı münasibətilə şəxsi heyətə öz təbriklərini çatdırmış,
yarandığı gündən bugünədək mürəkkəb yol keçmiş təhlükəsizlik orqanlarının
inkişafında ömrünün 25 ilini bu mühüm təsisatda xidmətə həsr etmiş Ulu Öndər
Heydər Əliyevin danılmaz rolundan ətraflı bəhs etmişdir. Xidmət rəisi
bildirmişdir ki, DTX-nin əməkdaşları dahi rəhbərin bu orqanlarda əsasını
qoyduğu peşəkarlıq məktəbini və vətənpərvərlik irsini bu gün də layiqincə davam
etdirirlər.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təhlükəsizlik orqanlarına
göstərdiyi xüsusi diqqət və əvəzsiz qayğıdan söhbət açan general-polkovnik Əli
Nağıyev qeyd etmişdir ki, məhz bu diqqət və qayğının nəticəsində DTX-nin
fəaliyyətini müasir çağırışlara uyğun şəkildə qurmaq mümkün olur, Xidmətin maddi-texniki
təminatı, əməkdaşların iş şəraiti və sosial vəziyyəti gündən-günə yüksəlir.
Xidmət rəisi ötən il ərzində də təhlükəsizliyin etibarlı
təmin olunması baxımından DTX-nin səmərəli fəaliyyət göstərdiyini, xarici və
daxili təhdidlərin qarşısının alınması istiqamətində vacib işlərin görüldüyünü,
xüsusən dövlətə xəyanət, casusluq, terrorçuluq, terrorçuluğu
maliyyələşdirmə, dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsdə
hazırlıq cinayətləri ilə mübarizədə əhəmiyyətli nəticələrin əldə edildiyini
vurğulamışdır.
Ötən dövrdə bəzi destruktiv qüvvələr tərəfindən
pozuculuq fəaliyyətinin həyata keçirilməsinə cəhdlərin edildiyini qeyd edən
general-polkovnik Əli Nağıyev ölkəmizin təhlükəsizliyinə
yönələn halların qarşısının qətiyyətlə alınacağını bildirmişdir.
Çıxışının sonunda Əli Nağıyev, Ali Baş Komandan
İlham Əliyev tərəfindən DTX-nin şəxsi heyətinə göstərilən etimadın və etibarın bundan
sonra da doğruldulacağına, təhlükəsizliyin qorunması naminə əməkdaşların daima
böyük səy və əzmlə çalışacaqlarına dərin inamını ifadə etmişdir.
Tədbirdə çıxış edən Milli Məclisin Müdafiə,
təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev DTX-nin
əməkdaşlarını və veteranlarını Azərbaycan təhlükəsizlik orqanlarının yaranması
günü və peşə bayramı münasibətilə təbrik etmiş, Azərbaycan xüsusi xidmət
orqanlarının qarşısında duran vəzifələrin bundan sonra da uğurla yerinə
yetiriləcəyinə, DTX-nin təhlükəsizliyin qorunması işinə davamlı olaraq önəmli
töhfələr verəcəyinə, ölkə başçısının rəhbərliyi ilə Xidmətin gələcəkdə də yeni-yeni
nailiyyətlər qazanacağına əmin olduğunu demişdir.
Çıxışlar bitdikdən sonra DTX-nin bir qrup əməkdaşının
ali hərbi rütbələrə, müxtəlif orden və medallara layiq görülməsi ilə bağlı
Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamlar elan olunmuş, DTX-nin
müvafiq əmrləri ilə bir sıra əməkdaşlar mükafatlarla təltif edilmişlər.
Tədbir, rəsmi hissədən sonra DTX-nin Mədəniyyət Mərkəzində mədəni proqramdan ibarət bədii hissə ilə davam etmişdir.