14:15
DTX-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunmuşdur.
Azərbaycan təhlükəsizlik orqanlarının fəxri
rəhbəri, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə
əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli
Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda dahi şəxsiyyətin əziz
xatirəsini dərin ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri
qoymuşlar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə
Əliyevanın da xatirəsi anılmış, məzarı üzərinə gül dəstələri düzülmüşdür.
Daha sonra DTX-nin akt zalında keçirilmiş tədbirdə
öncə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və
suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir
dəqiqəlik sükutla yad olunmuş, Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə çıxış edən DTX-nin rəisi general-polkovnik
Əli Nağıyev əvvəlcə Ulu Öndərin təhlükəsizlik orqanlarındakı 25 illik şərəfli
fəaliyyəti, dahi rəhbərin bu təsisatın inkişafındakı müstəsna xidmətləri, eləcə
də təhlükəsizlik təşkilatının milliləşdirilməsi istiqamətində atdığı qətiyyətli
addımlar barədə ətraflı söhbət açmış, Heydər Əliyevin bu orqanlarda əsasını
qoyduğu xalqa və dövlətə sədaqət amallarının Xidmətin şəxsi heyəti tərəfindən
daim əsas götürüldüyünü qeyd etmişdir.
General-polkovnik Əli Nağıyev bildirmişdir ki,
Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr ölkənin
tarixinə qızıl hərflərlə yazılmış, respublikada bütün sahələrin hərtərəfli
inkişafı, Azərbaycanın davamlı tərəqqisi və yüksəlişi, həmçinin dövlətçilik
strategiyasının formalaşması, milli ideyanın güclənməsi və müstəqilliyin
möhkəmlənməsi ilə müşayiət olunmuşdur.
Ulu Öndərin siyasət xəttini uğurla davam etdirən Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yeni zirvələrə
doğru inamla addımladığını və bütün istiqamətlərdə mühüm nailiyyətlərin
qazanıldığını vurğulayan Xidmət rəisi təhlükəsizlik orqanlarının fəaliyyətinin
də dövlətimizin başçısının diqqət və qayğısı ilə keyfiyyətcə yeni səviyyəyə
yüksəldiyini, DTX-nin əməkdaşlarının üzərinə düşən vəzifələrin bundan sonra da layiqincə
icra olunacağını demişdir.
Sonra tədbir digər çıxışlarla davam etmiş, xidmətdə fərqlənən əməkdaşlara mükafatlar təqdim olunmuşdur.