12:50
Terror qruplaşmasının fəaliyyətində iştirak edən Azərbaycan vətəndaşları saxlanılaraq ölkəyə gətirilmişlər.
Beynəlxalq
terror təşkilatları ilə əlaqəsi olan Azərbaycan Respublikasının vətəndaşlarından
ibarət cinayətkar dəstələr formalaşdırma, ölkənin şimal bölgəsində meşə
massivində yeraltı sığınacaqlar yaradılması ilə müşayiət olunan terror
aktlarına hazırlıq, bu məqsədlə silah-sursat, partlayıcı maddələr, texniki
qurğular və digər zəruri ləvazimatlarla təchiz etmə əməlləri ilə bağlı Dövlət Təhlükəsizliyi
Xidmətində (DTX) başlanılmış cinayət işləri üzrə kompleks əməliyyat-istintaq tədbirləri
davam etdirilir.
Aparılan
araşdırmalarla terrorçuluq cinayətlərinin törədilməsi məqsədilə yaradılmış dəstənin
üzvləri olan Azərbaycan Respublikasının vətəndaşları - Vüqar Nəcəfli, Camal Gözəlov,
Tofiq Yusifli və Dadaş Həşimovun 2024-cü ildə Azərbaycan Respublikasını tərk edərək
Pakistan İslam Respublikasının Əfqanıstanla
sərhədində yerləşən dağlıq ərazilərdə gizləndikləri təsbit edilmişdir.
Onların beynəlxalq terror təşkilatının tərkibində Azərbaycanın hüdudlarından kənarda
döyüş təlimlərində və silahlı münaqişələrdə iştirak etmələri, cinayətkar məqsədlərlə
silahlı təlimlər keçmələri müəyyənləşdirilmişdir.
DTX
tərəfindən tərəfdaş xarici xüsusi xidmət və hüquq-mühafizə orqanları ilə birgə həyata
keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində barələrində istintaq
aparılan adları qeyd olunan şəxslərin xarici ölkələrin ərazisində ələ keçirilərək
Azərbaycana gətirilmələri təmin edilmişdir.
Həmçinin görülən tədbirlərlə Tofiq Yusiflinin və Dadaş Həşimovun terrorçuluq fəaliyyətlərinin
Azərbaycan Respublikasının vətəndaşları - Mir
Cavad Hüseynli və Tural
Ağayev tərəfindən maliyyələşdirildiyi, habelə sonuncuların digər cinayət əməlləri aşkar
olunmuşdur.
Cinayətkar
dəstənin üzvləri - Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli, Dadaş Həşimov, Mir Cavad
Hüseynli və Tural Ağayev müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
214-1 (terrorçuluğu maliyyələşdirmə), 283-1.3 (dini məzhəbləri yayma, dini
ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan
Respublikasının hüdudlarından kənarda yaradılmış sabit qruplarda, təlimlərdə və
silahlı münaqişələrdə iştirak etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs
qismində məsuliyyətə cəlb edilmiş, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan
tədbiri seçilmişdir.
Hazırda
cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.