10:15
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olmuşdur.
İyulun 4-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər
Əliyev adına Akademiyasında (Akademiya) məzunların buraxılışı ilə əlaqədar
təntənəli mərasim keçirilmişdir. Tədbirdə DTX-nin rəisi general-polkovnik Əli
Nağıyev, Xidmətin rəhbər əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları,
Akademiyanın professor-müəllim heyəti, məzunlar və onların valideynləri iştirak
etmişlər.
Əvvəlcə Akademiyanın Heydər Əliyev Muzeyinin qarşısında
ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunmuş, dahi
şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla anılmışdır. Azərbaycanın müstəqilliyi
və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin müqəddəs xatirəsi
bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirilmiş, ardınca
məzunlara Akademiyanın diplomları təqdim olunmuşdur.
Daha sonra DTX-nin rəisi general-polkovnik Əli
Nağıyev çıxış edərək, Akademiyanı müvəffəqiyyətlə bitirdiklərinə görə məzunları
təbrik etmiş, gələcək xidməti fəaliyyətlərində uğurlar arzulamışdır. Xidmət
rəisi bildirmişdir ki, Ulu Öndərin adını daşıyan bu tədris müəssisəsinin
məzunları olan gənc zabitlər fəaliyyətlərini Vətənə və xalqa sonsuz sadiqlik prinsipləri
əsasında qurmalı, dövlətin təhlükəsizliyinin qorunması vəzifəsini qarşılarına
ali məqsəd kimi qoyaraq hər zaman ayıq-sayıq olmalı, dahi rəhbər Heydər
Əliyevin təhlükəsizlik orqanlarındakı peşəkarlıq irsini yaşatmalıdırlar.
Akademiyanın maddi-texniki bazasının və kadr
potensialının ildən-ilə daha da təkmilləşdirildiyini vurğulayan general-polkovnik
Əli Nağıyev burada təhsil səviyyəsinin müasir dövrün tələblərinə
uyğunlaşdırılması, Akademiyadakı mövcud şəraitin davamlı yaxşılaşdırılması istiqamətində
görülən işlərdən ətraflı bəhs etmiş, son illərdə bilik yarışlarında bu xüsusi
təyinatlı ali təhsil müəssisənin kursantlarının qazandıqları uğurların
sadalanan amillərin məntiqi nəticəsi olduğunu demişdir.
Çıxışının sonunda Xidmət rəisi Əli Nağıyev
Akademiyanı bitirən zabitlərin çalışacaqları DTX-nin struktur bölmələrində
vəzifə borclarını vicdanla yerinə yetirəcəklərinə, dövlətimizin başçısı,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin siyasi kursuna sədaqətlə
xidmət edərək, təhlükəsizlik orqanlarının sıralarında öz layiqli yerlərini
tutacaqlarına qətiyyətlə inandığını bildirmişdir.
Digər çıxış edənlər məzunların Akademiyada mənimsədikləri
bilik və bacarıqları gələcək fəaliyyətlərində lazımi qaydada tətbiq edə
biləcəklərinə dərin inamlarını, burada kursantlara göstərilən diqqətə və
yaradılan şəraitə görə minnətdarlıqlarını ifadə etmişlər.
Təntənəli mərasim xatirə fotoşəklinin çəkdirilməsi
ilə sona çatmışdır.