09:45
Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması ilə əlaqədar komissiya yaradılmışdır.
Kritik informasiya infrastrukturunun
təhlükəsizliyinin təmin edilməsi istiqamətində Azərbaycan Respublikasının
qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarlarından irəli gələn vəzifələrin icrası
məqsədilə kompleks tədbirlər davam etdirilir.
Müvafiq normativ hüquqi
aktların tələblərinə uyğun olaraq, dövlət qurumları tərəfindən kritik
informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi və xüsusi qaydalara riayət
olunması vəziyyətinin yoxlanılmasının sistemli, vaxtında və fasiləsiz təşkili
üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Xüsusi
Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) aidiyyəti əməkdaşlarından
ibarət birgə komissiya yaradılmışdır.
Komissiyanın aşkarlayacağı
çatışmazlıqların doğura biləcəyi dövlət və ictimai təhlükəsizlik təhdidləri nəzərə
alınaraq, onların aradan qaldırılması üçün kritik informasiya infrastrukturu
subyektlərinin görəcəyi tədbirlərin qiymətləndirilməsi aparılacaqdır.
Komissiya, həmçinin görülmüş
işlərin nəticələri ilə bağlı dövri hesabat və məlumatlar hazırlayacaq, kritik
informasiya infrastrukturu obyektlərinin təhlükəsizliyinin pozulmasına səbəb
ola bilən hallar müəyyən edildikdə, təxirəsalınmaz tədbirlərin görülməsi barədə
məsələ qaldırılacaqdır.
Azərbaycan Respublikası
Prezidentinin 17 aprel 2021-ci il tarixli 1315 nömrəli Fərmanına əsasən, kritik
informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi, o cümlədən
kibertəhdidlərə qarşı mübarizə sahəsində səlahiyyətli orqanın funksiyalarını
DTX, dövlət orqanlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə, dövlətə
məxsus olan hüquqi şəxslərə münasibətdə isə DTX həmin funksiyaları XRİTDX ilə birgə
həyata keçirir.