18:00
III Bakı Təhlükəsizlik Forumu təşkil olunmuşdur.
2025-ci il sentyabrın 21-də Azərbaycan Respublikası
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və 90-a yaxın ölkənin
xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı
ilə “Terror aktları və silahlı münaqişələr
zamanı humanitar böhranların və qlobal texnogen fəlakətlərin qarşısının
alınmasında təhlükəsizlik orqanlarının birgə fəaliyyəti”
mövzusunda III Bakı Təhlükəsizlik Forumu keçirilmişdir.
Tədbir açıq elan edildikdən sonra Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin forumun iştirakçılarına
müraciəti oxunmuş, ardınca konfransın mövzusu ilə bağlı videomaterial nümayiş
etdirilmişdir.
Açılış nitqi ilə çıxış edən DTX-nin rəisi
general-polkovnik Əli Nağıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü
ilə əsası qoyulan
və ənənəvi
olaraq hər il təşkil edilən forumun iştirakçılarını növbəti dəfə Bakı şəhərində
salamlamaqdan məmnun olduğunu bildirmiş, dünyanın müxtəlif bölgələrindən olan ölkələrin
təhlükəsizlik orqanlarını dəyirmi masa ətrafında birləşdirən və iştirakçı
dövlətlərin sayının ildən-ilə artması ilə müşayiət olunan bu tədbirin beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi,
məlumat və qarşılıqlı fikir mübadilələrinin aparılması, qlobal təhlükəsizliyə
yönələn müasir çağırışlarla mübarizədə səylərin birləşdirilməsi baxımından önəmli
platformaya çevrildiyini vurğulamış, forumun keçirilməsində göstərdiyi hərtərəfli
dəstəyə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü ifadə etmişdir.
Xidmət rəisi beynəlxalq
təhlükəsizlik sisteminə təhdidlər sırasında yer alan terror
hücumlarının, silahlı münaqişələrin, texnogen qəzaların və ekoloji fəlakətlərin qarşısının alınmasında xüsusi xidmət
orqanlarının vacib rol oynadığını, sadalanan mənfi təzahürlərin nəticəsində
yaranan humanitar böhranlar zamanı kompleks yanaşmanın sərgilənməsinin, ölkələrin
təhlükəsizlik qurumlarının və aidiyyəti təsisatlarının koordinasiyalı fəaliyyət
göstərməsinin zəruriliyini diqqətə çatdırmışdır.
Daha sonra tədbir müvafiq ölkələrin xüsusi xidmət
orqanlarının nümayəndələrinin çıxışları ilə davam etmiş, budəfəki Bakı Təhlükəsizlik
Forumunun da beynəlxalq və regional təhlükəsizliyin təminatı üçün birgə
səylərin səfərbər olunmasına, xüsusi xidmət orqanları arasında əməliyyat
diplomatiyasının, qarşılıqlı fəaliyyətin, ikitərəfli və çoxtərəfli əməkdaşlığın
inkişafına mühüm töhfələr verəcəyinə əminlik ifadə olunmuşdur.
Tədbir nümayəndə heyətlərinin rəhbərləri tərəfindən
Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsi və Əsasnaməsinin qəbul edilməsi ilə
başa çatmışdır.