10:15
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans təşkil olunmuşdur.
Oktyabrın 9-da
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyasının (Dövlət Komissiyası) təşkilatçılığı və müvafiq
sahədə fəaliyyət göstərən təsisatların nümayəndələrinin iştirakı ilə İtkin düşmüş şəxslər
üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin
birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda növbəti beynəlxalq
konfrans keçirilmişdir.
Öncə Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına müraciəti oxunmuş, daha
sonra Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi,
Dövlət Komissiyasının sədri Əli Nağıyev çıxış etmişdir.
Xidmət rəisi itkin
düşmüş şəxslərlə bağlı artıq üçüncü ildir təşkil olunan beynəlxalq tədbirin
məqsəd və əhəmiyyəti barədə məlumat vermiş, Prezident İlham Əliyevə konfransın keçirilməsində
göstərdiyi dəstəyə görə minnətdarlığını bildirərək, itkin düşmüş
vətəndaşlarımızın taleyinin aydınlaşdırılması məsələsində dövlətimizin
başçısının qətiyyətli və prinsipial mövqeyini qeyd etmişdir.
Hazırda Dövlət
Komissiyasında 3990 nəfərin itkin şəxs kimi qeydiyyata alındığını, bu vaxtadək
işğaldan azad edilmiş ərazilərdə aparılmış qazıntılar zamanı aşkarlanmış 29
kütləvi məzarlıqdan 218 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqlarının
müəyyən olunaraq ekshumasiya edildiyini vurğulayan DTX-nin rəisi Əli Nağıyev itkin
düşmüş şəxslərdən artıq 187 nəfərinin şəxsiyyətinin eyniləşdirilərək ailələrinə
təhvil verildiyini, habelə axtarış-qazıntı işləri nəticəsində Ağdərə rayonunun
Ballıqaya kəndi ərazisində növbəti kütləvi məzarlığın aşkarlandığını diqqətə
çatdırmışdır.
Dövlət
Komissiyasının sədri 8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş
Ştatlarının paytaxtı Vaşinqton şəhərində paraflanmış “Azərbaycan Respublikası
və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin
təsis olunması haqqında Saziş” layihəsinin 9-cu maddəsinin itkin şəxslərin taleyinin
müəyyən edilməsi sahəsində qarşılıqlı fəaliyyətin həyata keçirilməsini nəzərdə
tutduğunu, Azərbaycanın və Ermənistanın aidiyyəti dövlət komissiyaları arasında
son vaxtlarda mütəmadi əsasda davam edən təmasların, həmçinin müvafiq
beynəlxalq qurumlarla əməkdaşlığın genişləndirilməsinin bu işə töhfə vərəcəyinə
ümidvar olduğunu demişdir.
Sonra konfransın
mövzusu ilə bağlı digər iştirakçılar çıxış etmiş və panel sessiyalar olmuş,
Dövlət Komissiyası ilə Bosniya və Herseqovinanın İtkin düşmüş şəxslər
İnstitutu arasında əməkdaşlıq Memorandumunun imzalanması mərasimi keçirilmişdir.