16:10
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin
rəisi general-polkovnik Əli Nağıyev ölkəmizdə rəsmi səfərdə olan Əfqanıstan
İslam Respublikasının milli təhlükəsizlik müşaviri Hamdullah Mohib, Prezident
Administrasiyasının rəhbəri Mohammad Şakir Kargar və Milli Təhlükəsizlik
İdarəsinin Baş direktoru general-leytenant Ahmad Ziya Sarac ilə görüşmüşdür.
Görüşdə Əfqanıstan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli
səfiri Amanullah Ceyhun da iştirak etmişdir.
Qonaqları səmimi salamlayan general-polkovnik Əli Nağıyev Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata
keçirilən uğurlu sosial-iqtisadi tərəqqi siyasəti və hüquq mühafizə sahəsində
aparılan islahatlar, beynəlxalq terrorçuluqla mübarizə, ümumən sabitliyin və
təhlükəsizliyin möhkəmləndirilməsi üzrə görülən tədbirlər barədə məlumat vermişdir.
Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin və Əfqanıstan İslam Respublikasının Prezidenti cənab Əşrəf
Qaninin ümumi səyləri nəticəsində xalqlarımız arasında inkişaf edən dostluq
münasibətləri dövlətlərimizin təhlükəsizliyinin təmin olunması üzrə tərəfdaşlığın
gücləndirilməsinə də xidmət edir. General-polkovnik Əli Nağıyev Vətən
müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpasına Əfqanıstan tərəfindən verilmiş
siyasi və diplomatik dəstəyi xüsusi vurğulamış və bu cür davamlı təmasların ölkələrimiz,
eləcə də müvafiq təhlükəsizlik strukturları arasında əməkdaşlıq əlaqələrinin daha
da yüksəldilməsinə öz töhfəsini verəcəyinə əminliyini bildirmişdir.
Qonaqlar göstərilən diqqətə, Azərbaycanın və Əfqanıstanın təhlükəsizlik
maraqlarının qorunması sahəsində aktuallıq kəsb edən məsələlər ilə əlaqədar müzakirələr
üçün yaradılmış şəraitə görə təşəkkürlərini bildirmişlər. Onlar xalqlarımızın
tərəqqisi naminə dövlətlərimizin başçılarının rəhbərliyi ilə həyata keçirilən sabitlik,
təhlükəsizlik və inkişaf siyasətinə əlverişli şəraitin yaradılması üçün ümumi
təhdidlərə qarşı mübarizədə hər iki ölkənin aidiyyəti orqanlarının əməkdaşlıq münasibətlərinin
genişləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd etmişlər.
Görüşdə təhlükəsizlik
fəaliyyəti üzrə faydalı əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran
digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır.