16:20
Azərbaycan və Ermənistanın
təhlükəsizlik və sərhəd xidmətləri rəhbərlərinin növbəti görüşləri keçirilmişdir
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan arasında 2021-ci il yanvarın 8-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasından keçən hissəsində neytral ərazidə və yanvarın 10-da isə Ermənistanın Sünik vilayətinə aid həmsərhəd Vorotan və Şurnux yaşayış məntəqələrində görüşlər keçirilmişdir. Sonuncu görüşdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və müqabil ölkənin sərhəd xidmətinin rəhbərliyi iştirak etmişdir.
Görüşlərdə dövlət
sərhədlərində baş vermiş insidentlərin birgə araşdırılması, Azərbaycan
Respublikasının Dağlıq Qarabağ və işğaldan azad olunmuş ərazilərinin
təhlükəsizliyi, döyüş zonalarında meyitlərin basdırıldığı yerlərin
müəyyənləşdirilməsi və əsirlərin dəyişdirilməsi, həmçinin Birinci Qarabağ və Vətən
müharibəsində itkin düşmüş, girov götürülmüş şəxslərin talelərinin
aydınlaşdırılması ilə bağlı məsələlər müzakirə olunmuşdur.
Eyni zamanda, aparılmış
danışıqlarda 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən əldə
edilmiş atəşkəsə davamlı riayət edilməsinin hər iki xalqın, o cümlədən
Qarabağın azərbaycanlı və erməni icmalarının maraqlarına və təhlükəsizliyinə
xidmət etdiyi vurğulanmışdır.