Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Beynəlxalq antiterror təlim mərkəzi NATO ilə imzalanmış Fərdi Tərəfdaşlıq Əməliyyat Planı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 noyabr 2014-cü il tarixli 363 saylı Fərmanına əsasən yaradılmış, DTX-nin 2016-cı il tarixli Əsasnaməsinə uyğun olaraq fəaliyyətini tənzimləyir.
Qeyd etmək lazımdır ki, Azərbaycan-NATO arasında ilk təmasların
tarixi Azərbaycanın bir sıra Mərkəzi və Şərqi Avropa dövlətləri ilə birlikdə
NATO-nun yeni yaradılmış məşvərətçi forumuna – Şimali Atlantika Əməkdaşlıq
Şurasına (1997-ci ildən Avro-Atlantik Tərəfdaşlıq Şurası) qoşulduğu 1992-ci
ilin mart ayına təsadüf edir.
Azərbaycan Respublikası ilə NATO arasında məzmunlu tərəfdaşlığın
əsası Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin 4 may 1994-cü
il tarixində Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədinin imzalanması ilə
qoyulmuşdur. Azərbaycan Sülh naminə Tərəfdaşlığın prinsiplərinə əsaslanmaqla
NATO ilə ortaq maraq kəsb edən geniş spektrli məsələlər üzrə siyasi dialoq
aparır. Müxtəlif formatlarda və səviyyələrdə aparılan siyasi dialoq çərçivəsində
tərəfdaşlıq, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan münaqişəsi, əməliyyatlarda
iştirak, Əfqanıstana töhfə, meydana gələn təhlükəsizlik təhdidləri və s. kimi
aktual məsələlər müzakirə olunur və onlara dair fikir mübadiləsi aparılır.
Qarşılıqlı anlayışa əsaslanan, yüksək səviyyəli siyasi dialoq praktiki əməkdaşlıq
sahəsində tərəqqini təşviq edir.
Azərbaycan SNT Çərçivə Sənədi, eləcə də ikitərəfli əməkdaşlığı
nəzərdə tutan sənədlərdə əks olunmuş məqsəd və prinsiplərin yerinə yetirilməsi
üçün NATO-nun müvafiq tərəfdaşlıq mexanizmlərindən fəal istifadə edir. Azərbaycanın
NATO ilə fərdi tərəfdaşlığının məqsəd və prinsipləri əsas etibarı ilə Azərbaycanın
SNT Təqdimat Sənədi (1996), Planlaşdırma və Analiz Prosesi (1997) və Fərdi Tərəfdaşlıq
üzrə Əməliyyat Planında (2004) öz əksini tapır. Bu sənədlərdə Azərbaycan
Respublikası müdafiə və təhlükəsizlik sektorunda islahatlar, hərbi qüvvələrin
NATO standartlarına uyğun inkişaf etdirilməsi, NATO əməliyyatlarında iştirak,
enerji təhlükəsizliyinin təmini, fövqəladə hallara hazırlıq, meydana çıxan təhlükəsizlik
çağırışları ilə mübarizə, eləcə də elm, ətraf mühit və ictimai diplomatiya sahələrində
NATO ilə əməkdaşlıq niyyətini ifadə etmişdir.
Azərbaycanın 2004-cü ildə qoşulduğu Fərdi Tərəfdaşlıq üzrə
Əməliyyat Planı (FTƏP) müntəzəm siyasi dialoq həyata keçirməyə, ikitərəfli tərəfdaşlığı
sistemləşdirməyə və eləcə də qarşılıqlı maraq doğuran məsələlər ilə bağlı əməkdaşlıq
tədbirini razılaşdırmağa imkan verir. Azərbaycan 2005-2007, 2008-2010,
2012-2013, 2014-2016, 2017-2019-cu illəri əhatə edən I, II, III, IV və V
dövr FTƏP sənədlərini uğurla bitirmiş və hazırda VI dövr (2020-2021) FTƏP sənədini
icra edir.
SNT Təqdimat Sənədi əsasında hazırlanan Fərdi Tərəfdaşlıq və
Əməkdaşlıq Proqramı çərçivəsində Azərbaycan hər il 200-dən artıq tədbirdə
iştirak edir. Fərdi Tərəfdaşlıq və Əməkdaşlıq Proqramı Azərbaycana NATO üzv və
bir sıra tərəfdaş dövlətlər tərəfindən təşkil edilən kurs, təlim və
konfranslarda iştirakdan yararlanmağa şərait
yaradır.
BATM
tərəfindən NATO standartlarına uyğun tədris təşkil olunduqdan sonra, onun
NATO-nun Tərəfdaşlıq üzrə Təlim Mərkəzi (TTTM) kimi akkreditasiyası
planlaşdırılmışdır. Qeyd olunmalıdır ki, BATM-ın terrorçuluqla mübarizə üzrə tərəfdaş
dövlətlərlə yeganə NATO TTTM kimi akkreditasiyaya namizəd olan tədris qurumudur
və belə bir önəmli məqsədin Azərbaycan Respublikasına həvalə olunması Alyans tərəfindən
ölkəmizə göstərilən etimadın açıq təzahürüdür.